Fərəcovun “zümrüd əməliyyatı”: İcra başçısı ilə şöbə müdiri arasında qalmaqalbackend

Fərəcovun “zümrüd əməliyyatı”: İcra başçısı ilə şöbə müdiri arasında qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər İcra Hakimiyyətində icra başçısı Zakir Fərəcovla ərazi-idarəetmə şöbəsinin müdiri Gündüz Əliyev arasında ciddi narazılıq yaranıb.

Jamaz.info xəbər verir ki, buna səbəb başçının planının baş tutmaması, şöbə müdirinin isə istəyinə çatmamasıdır. Belə ki, ötən həftə Sumqayıt İcra Hakimiyyəti başçısının müavinlərindən birinin yerinə təyinat olub. Fərəcovun israrlı xahişlərinə baxmayaraq, Prezident Administrasiyası başqa birini həmin posta təyin edib. Fərid Ələkbərovun təyinatı ötən həftə verilsə də, hələ də işə çıxmayıb. İddialara görə, Fərəcov yeni müavinini kollektivə təqdim etməməsi səbəbindən yeni müavin kabinetini hələ görməyib. Lakin baş verən qalmaqal və narazılıq təkcə bununla bitmir. Etibarlı mənbə bildirir ki, hazırda İcra Hakimiyyətində əsas narazılıq Gündüz Əliyevlə Zakir Fərəcov arasında yaşanır. Həmin məlumata görə, bir ildir müavin səlahiyyətlərini icra edən, habelə həmin posta gətiriləcəyinə əmin olan Gündüz Əliyev, tam əks vəziyyətlə üzləşib. Mənbə deyir ki, Zakir Fərəcov Gündüz Əliyevi tam əmin edibmiş ki, müavin postuna gətiriləcək:

“Bu barədə vədlərdən biri də o olub ki, Fərəcov yuxarı instansiyalarla razılaşdırdığını da deyib. Üstəlik bildirib ki, Sumqayıtın yeni icra başçısı da məhz Gündüz Əliyev olacaq. İndi icra başçısı məsələsi bir kənara, G. Əliyev heç müavin də ola bilməyib”.

İddialara görə, müavinliyə yeni təyinatdan xəbər tutan G. Əliyev icra hakimiyyətinə gələrək, Zakir Fərəcovla görüşüb. Yenə həmin iddialara görə, Əliyev, Fərəcovla çox ağır tonda danışıb və məsələni belə qoymayacağını bildirib:

“İş o həddə çatıb ki, Gündüz Əliyev hirsini cilovlaya bilməyib və icra başçısını ağır formada ittiham edib”.

Maraqlı məqamlardan biri odur ki, Sumqayıtda bir çoxları bu hadisəni “Fərəcovun zümrüd əməliyyatı baş tutmadı” kimi təqdim edirlər. Zümrüdün məsələyə nə kimi aidiyyatı olmasını deyə bilməsək də, G. Əliyevin müavin postuna gətirilməsi üçün yaxın adamlarından borc aldığına dair məlumatlar var. Bəzi iddialara görə, söhbət 500 min manatdan gedir. Güman edilir ki, ya G. Əliyev yaxınlarından və tabeçiliyində olanlardan müavin olmaq adı altında pul toplayıb. Ya da Zakir Fərəcovla aralarında hansısa bir sövdələşmə səbəbindən ortaya belə məlumatlar çıxıb. Hazırda G. Əliyevin işə çıxmadığı deyilir. Bildirilir ki, o, Fərid Ələkbərovun təyinatından sonra işə çıxmayacağını bildirib.

P.S.  Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.