Fərid Şahbazlı: “Azərbaycan Prezidentinin müsahibəsi dost ölkələri sevindirib, düşmənləri kədərə qərq edib”backend

Fərid Şahbazlı: “Azərbaycan Prezidentinin müsahibəsi dost ölkələri sevindirib, düşmənləri kədərə qərq edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi əslində proqram xarakterli bir tarixi sənəddir. Çünki burada dövlət başçısı ölkənin xarici siyasətinin prioritetlərindən tutmuş, iqtisadiyyat, sosial-mədəni inkişaf, Qarabağ istisadi rayonunda gedən quruculuq işləri də daxil olmaqla aktual məsələlərin çox geniş bir spektrinə aydınlıq gətirib. Təsadüfi deyil ki, müsahibə zamanı cənab prezidentin verdiyi mesajlar nəinki Azərbaycanda, həm də xarici ölkələrdə böyük maraqla qarşılanıb və belə demək mümkünsə, hər kəs “payına düşəni alıb”: dost ölkələr sevinib, qürur hissi keçirib, dost olmayanlar isə kədərə qərq olub”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, xüsusilə, Zəngəzur dəhlizini açmağa tərəddüd edən Ermənistanın, eyni zamanda onu bu tərəddüdlərə vadar edən Fransa və İran kimi ölkələrin keyfinə əməlli başlı “soğan doğranıb”. Azərbaycanın mövqeyi qətidir: “Zəngəzur dəhlizi açılmasa, Ermənistanla sərhədimizi açmayacağıq”. Bu isə o deməkdir ki, Ermənistan sonsuza qədər bir “dalan dövləti” olaraq qalacaq.

Başqa bir vacib məsələ. Prezident xatırladıb ki, “Ermənistan sülh sazişi bağlamaq üçün qarant dövlətlərin olmasını istəyir. Biz isə buna ehtiyac olmadığını hesab edirik”. Bu nə deməkdir? Bu da o deməkdir ki, regionda olmaq istəyənlərin, və yaxud olub qalmaq istəyənlərin də arzusu ürəyində qalacaq. Azərbaycanın kiminsə zəmanətinə ehtiyacı yoxdur. Çünki Azərbaycan bir hüquq dövlətidir və beynəlxalq hüquqa, konvensiyalara, müqavilələrə və öhdəliklərə riayət etməyi hər kəsdən yaxşı bilir. Əgər belə olmasaydı, ölkəmiz 30 il ərzində BMT TŞ-nın özünün qəbul etdiyi qətnamələri yerinə yetirməsini gözləməzdi. Bu baş vermədikdə isə Azərbaycan xalqı özü ədaləti bərpa etməyə məcbur oldu. Məsələ ilə bağlı cənab prezident bunları deyib:

“Ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik. Halbuki, əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Yəni, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim zəfərimizin əhəmiyyəti daha önəmlidir”.

Fərid Şahbazlı bildirib ki, dövlət başçısı sözügedən müsahibəsində Azərbaycan xalqını narahat edən digər aktual məsələləri şərh edib və cəmiyyəti düşündürən bir çox suallara aydınlıq gətirib: “Həmin suallardan biri də heç şübhəsiz ki, növbədənkənar prezident seçkisi ilə bağlıdır. Bu seçkinin keçirilməsinə doğan zərurəti şərh edən cənab Prezident onu yeni dövrün başlanğıcı adlandırıb. “Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcıdır. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”. Düşünürük ki, burada əlavə heç bir şərhə və izaha ehtiyac yoxdur”

Siyasi şərhçi qeyd edib ki, ümumiyyətlə Prezidentin sözügedən müsahibəsi son illər dünyanın ən vacib ölkələrindən birinə çevrilməkdə olan Azərbaycanın həm xarici siyasət, həm də yaxın gələcək üçün sosial-iqtisadi və mədəni inkişaf istiqamətlərini müəyyənləşdirən çox mühüm bir sənəddir: “Düşünürük ki, dünya ölkələri də özlərinin Azərbaycan siyasətində bu sənədin müddəalarını mütləq nəzərə alacaqlar”.