Fərid Şahbazlı “Daily Times”ə Ermənistanın terror siyasətindən yazıbbackend

Fərid Şahbazlı “Daily Times”ə Ermənistanın terror siyasətindən yazıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın nüfuzlu “Daily Times” qəzetində Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatları, işğalçı ölkənin mülki əhalimizi və yaşayış məntəqələrimizi hədəfə alması ilə bağlı “Ermənistanın təxribatları bəşəriyyət üçün ləkədir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlının müəllifi olduğu məqalədə işğalçı Ermənistanın istər təmas xəttində, istərsə də dövlət sərhədində müxtəlif təxribatlar törətdiyi qeyd olunub. Bildirilib ki, bu təxribatların pik həddi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri məqsədyönlü şəkildə ağır artilleriya və raket qurğularından atəşə tutmağa başlaması olub. Düşmənin bu xain hücumu nəticəsində təkcə hərbçilərimiz deyil, dinc sakinlərimiz də həlak olub və yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Yazıda vurğulanıb ki, Azərbaycan Ordusu Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatlarına başlayıb. Ordumuzun uğurlu əks-hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normalarına əsasən istifadəsi qadağan edilmiş kaset bombaları ilə şəhər və kəndlərimizi intensiv atəşə tutmaqdadır. Ermənistan ərazisindən endirilən bu zərbələr ölkəmizi cavab zərbəsinə təhrik edərək üçüncü ölkələri hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıyır.

Qeyd olunub ki, Moskvada tərəflər arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Ermənistan Gəncə şəhərinə raket zərbələri endirərək mülki şəxslərə qarşı terror həyata keçirib. Nəticədə 10 nəfər həyatını itirib, 34 nəfər xəsarət alıb.

Ermənistanın bu təxribatının bütün bəşəriyyət əleyhinə cinayət olduğunun vurğulandığı məqalədə dünya ictimaiyyətinə bu ölkənin terror və işğalçılıq siyasətinə lazımi qiymət verməyə çağırış ünvanlanıb.