Fərid Şahbazlı: “Erməni konyakından içib “məsti-xumar” olan fransızlar bunu gözləmirdilər”backend

Fərid Şahbazlı: “Erməni konyakından içib “məsti-xumar” olan fransızlar bunu gözləmirdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda Fransanın casus şəbəkəsinin ifşa edilməsi bütün dünyada geniş əks-səda doğurub. Bu gün Rusiyanın, eləcə də Avropanın ən nüfuzlu mətbu orqanları bu xəbəri manşetə daşıyıblar.

Bu hadisə özünü “demokratiyanın beşiyi” adlandıran Fransanın özündə də böyük çaşqınlıq yaradıb.

Afrikadan tutmuş Latın Amerikasına, Asiyadan tutmuş Okeaniyiya qədər “əli uzanan” qədim bir dövlətin casus şəbəkəsinin Azərbaycan tərəfindən aşkar edilməsi Parisi şok edib”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, “erməni konyakı”ndan içib “məsti-xumar” olan fransızlar bunu gözləmirdilər: “Halbuki, Azərbaycan, milli təhlükəsizliyimizi təhdid edən bu xain şəbəkənin izinə çoxdan düşmüşdü.

Artıq “dəfn edilmiş” ATƏT-in Minsk qrupu çərçivəsində, daha sonra 44 günlük Vətən müharibəsi dövründə Fransanın Azərbaycanla bağlı tutduğu mövqe bu “jandarm-dövlət”in nələrsə “qaynatdığına” şübhə yeri qoymurdu. Ermənistanın biabırçı məğlubiyyətindən sonra bu ölkəyə göstərilən silah-sursat yardımları, beynəlxalq platformalarda antiazərbaycan ritorikası, İrəvanı yeni müharibəyə təhrik edən çağırışlar və s. məhz bundan xəbər verirdi. Ən son olaraq noyabrın 15-də Fransa Senatında, noyabrın 30-da isə Milli Assambleyada “yekdilliklə” Ermənistanı dəstəkləyən qətnamənin və Azərbaycana qarşı sanksiyaların tətbiqi təklifinin qəbul edilməsi xəyanətin pik nöqtəsi oldu.

Azərbaycan diplomatiya ədəbinə uyğun olaraq Fransaya bir neçə dəfə xəbərdarlıq etdi, onun beynəlxalq hüquqa, BMT qətnamələrinə uyğun olmayan antiazərbaycan mövqeyindən əl çəkməyə çağırdı”. F.Şahbazlı bildirib ki, Azərbaycan demokratiyadan, haqq-ədalətdən və insan haqlarından dəm vuran rəsmi Parisin iç üzünü bütün dünyaya göstərdi: ” Bu isə o deməkdir ki, Azərbaycan cənab Ali Baş Komandan İlham Əliyev başda olmaqla, onun suverenliyinə, ərazi bütövlüyünə, siyasi və iqtisadi maraqlarına təhdid olan bütün təhlükələri dəf etmək gücündədir. Biz bu gücü həm müharibə meydanında, həm də diplomatiya cəbhəsində göstərmişdik. Bu dəfə isə Fransa daxil bütün düşmənlərimiz milli təhlükəsizliyimizi qoruyan xüsusi xidmət orqanlarımızın gücünə və qabiliyyətinə şahidlik etməli oldular”