Fərid Şahbazlı: “Mətbuat Şurası media və ictimaiyyət tərəfindən qəbul edilmək istəyirsə…”backend

Fərid Şahbazlı: “Mətbuat Şurası media və ictimaiyyət tərəfindən qəbul edilmək istəyirsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan jurnalistlərini bir araya gətirməli olan, onların fəaliyyətini koordinasiya etmək funksiyası daşıyan, peşə etik kodeksi qaydalarını hazırlayan, bir növ jurnalistlərin özünütənzimləmə qurumu olan Mətbuat Şurasının qurultayının media camiəsində ciddi maraq oyatması təbiidir”.

Bu sözləri Editor.az informasiya portalının baş redaktoru, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.

Onun sözlərinə görə, uzun illərdir Mətbuat Şurasının(MŞ) idarəetməsində bir neçə dəyərli media təmsilçisi istisna olmaqla, ənənəvi passiv şəxsləri görürük: “Bu baxımdan da Azərbaycan Mətbuat Şurasının idarəetməsində gənc və istedadlı media mütəxəssislərinin, media kapitanlarının, gənc jurnalistlərin iştirakına ciddi ehtiyac var.

“Mən hesab edirəm ki, bu qurumun İdarə Heyətinə gənclərin seçilməsi, gənc jurnalistlər qədər Mətbuat Şurasının inkişafı üçün zəruridir, vacibdir. Mətbuat Şurası qloballaşan dünyada, sürətlə inkişaf edən və dəyişəm media düzənində özünə bir mövqe qazanmaq, Azərbaycan jurnalistlərinin tribunası olmaq istəyirsə, ondan maksimum çeviklik, obyektivlik və innovativlik tələb olunur”.

Fərid Şahbazlı qeyd edib ki, bütün bu yeniliklərə gənclər olmadan nail olmaq çox çətindir: “Biz Mətbuat Şurasında orta və yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisini, çevikliyini birləşdirməliyik. Mən hesab edirəm ki, buna nail ola bilsək, çox yaxşı nəticələr əldə edə bilərik. Hesab edirəm ki, Azərbaycanda gənc olmasına baxmayaraq kifayət qədər təcrübəli, yalnız ölkə daxilində hansısa bir media strukturuna rəhbərlik etməklə kifayətlənməyib, beynəlxalq əlaqələr qura bilən, xarici kütləvi informasiya vasitələrində yazıları, məqalələri dərc olunan, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq imkanları olan gənc jurnalistlər var.
Mən hesab edirəm ki, Mətbuat Şurası bu imkanlardan istifadə etməlidir. Çünki beynəlxalq əməkdaşlıq məsələsi Azərbaycan üçün olduqca həssas və məsuliyyətli olan bu dövrdə son dərəcə vacib istiqamətdir. İnformasiya savaşında xarici KİV-lərlə əməkdaşlığa ciddi ehtiyac var”.

Baş redaktor qeyd edib ki, ictimiayyət Şurada gənc və istedadlı insanları görmək istəyir: “Ümid edirik ki, onlar Azərbaycan media camiəsinin gənc və istedadlı kəsimini uğurla təmsil edəcəklər. Ümumiyyətlə, əgər MŞ jurnalistlər və ictimaiyyət tərəfindən qəbul edilən, dövlət qurumları arasında nüfuzu olan, sözü eşidilən bir quruma çevrilmək istəyirsə bu qurumda məhz bacarıqlı, istedadlı, öz fikri, yanaşması olan insanları toplanmalıdır”.