Fərid Şahbazlı: “Nə dövlətimiz, nə də xalqımız sülhməramlıların bölgədə təxribatçı fəaliyyətinə dözmək niyyətində deyil”backend

Fərid Şahbazlı: “Nə dövlətimiz, nə də xalqımız sülhməramlıların bölgədə təxribatçı fəaliyyətinə dözmək niyyətində deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müvəqqəti olaraq yerləşdirildikləri Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin təmizlənməsini üzərinə öhdəlik götürmüş Rusiya sülhməramlılarının bunun əksinə olaraq Qarabağdakı separatçıların silah-sursatla təmin edilməsinə dəstək verməsi qəbulolunmazdır. Heç bir qüvvə Azərbaycanı öz suveren ərazisindən gizli yollarla terrorçu rejimə silah-sursat və canlı qüvvə daşımasına susmağa məcbur edə bilməz. Ölkəmiz bu mövzuda qəti iradəsini dövlət rəhbərliyi səviyyəsində dəfələrlə ifadə edib. Bölgədəki Rusiya sülhməramlıları da bu reallığı yaxşı başa düşür. Bu davranışlar Rusiya sülhməramlılarının əsl missiyasını şübhə altına qoyur və onların bölgədə gələcək fəaliyyətinin sülhə xidmət etməyəcəyi həqiqətini ortaya çıxarır. Nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı Rusiya sülhməramlılarının bölgədə təxribat xarakterli fəaliyyətinə dözmək niyyətində deyil.

Bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı AZƏRTAC-a açıqlamasında Qarabağda baş verən son prosesləri şərh edərkən söyləyib.

O bildirib ki, beynəlxalq güclərin təsiri altında hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistanın davranışlarında son dövrlər hərbi və təcavüzkar ritorikanın artması müşahidə olunur. Bu mənada son zamanlar Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünü hədəf seçən bəyanatlar xüsusi diqqət çəkir. Bu isə dəfələrlə “Dəmir yumruğ”u başında hiss edən işğalçı ölkənin hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir. Ermənistan sülh sazişinin imzalanması mövzusunun aktual olduğu mərhələlərdə mütəmadi şəkildə belə hərbi və siyasi təxribatlara əl atır. Bu isə şübhəsiz ki, Ermənistanın təcavüzkar siyasətdən əl çəkmək istəmədiyini, bununla da bölgədə sülh və sabitliyə təhdid yaratdığını bir daha göstərir.

F.Şahbazlı vurğulayıb ki, 2020-ci ilin noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent müvəqqəti yerləşdirildiyi ərazilərdə qanunsuz erməni silahlı dəstələrinin fəaliyyətinə son qoymalı idi. Ancaq biz hazırda rus sülhməramlılarını Qarabağdakı separatçı rejiminin himayədarı rolunda görürük. Rusiya sülhməramlıları bölgədə fəaliyyətə başladığı gündən Azərbaycan torpaqları vasitəsilə Qarabağdakı cinayətkar rejimə silah-sursat və canlı qüvvə yardımının göndərilməsinə şərait yaradıblar. Bu fakt Azərbaycan Ordusu tərəfindən dəfələrlə qeydə alınıb, müvafiq xəbərdarlıqlar edilib. Hətta bir neçə dəfə hərbi insident də yaşanıb. Ermənistan və rusiyalı sülhməramlılar anlamalı idilər ki, Azərbaycan bu məsələdə daha səbir nümayiş etdirməyəcək.

“Ermənistan və rus sülhməramlılar Azərbaycanın bu haqlı etirazlarından nəticə çıxarmaq əvəzinə, qanunsuz silah və canlı qüvvə daşınması üçün alternativ yollar axtarmağa başladılar. Bu cəhdlərin də qarşısı bir neçə dəfə Azərbaycan Ordusu tərəfindən alındı. Lakin Rusiya sülhməramlıları öz öhdəliklərinin əksinə olaraq, Ermənistan tərəfindən Qarabağdakı quldur dəstələrinə göndərilən bu silah yardımını ağır texnikalarla müşayiət edib qorumaqdan çəkinmirlər. Son bir neçə gündə isə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan, həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur”, – deyə siyasi şərhçi qeyd edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan yaranmış vəziyyətlə barışa bilməz və bu baxımdan Ordumuzun Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarəti təmin etməsi olduqca mühüm addımdır. Əgər Azərbaycan ərazisindən cinayətkar rejimə hərbi yardımlar davam edərsə, ölkəmiz Qarabağda erməni quldur dəstələrinin mövcudluğunu aradan qaldırmaq məqsədilə antiterror əməliyyatları keçirmək hüququna sahibdir. Bu, həm ölkəmizin, həm də regionun təhlükəsizliyi üçün çox vacibdir və beynəlxalq hüquqla tam şəkildə tənzimlənir. Ermənistan və himayədarları anlamalıdırlar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bunun üçün bütün imkanları var. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın haqlı mübarizəsində heç bir qüvvə ona mane ola bilməz.