Fərid Şahbazlı: “Prezidentin amnistiya təşəbbüsü dövlətlə vətəndaş arasında etimadı möhkəmləndirir”backend

Fərid Şahbazlı: “Prezidentin amnistiya təşəbbüsü dövlətlə vətəndaş arasında etimadı möhkəmləndirir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü təkcə hüquqi qərar deyil, eyni zamanda dövlət–vətəndaş münasibətlərinin mahiyyətini əks etdirən strateji və humanist addımdır. Suverenliyimizin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin edildiyi bir mərhələdə bu təşəbbüs ictimai barışın və sosial ədalətin möhkəmləndirilməsinə xidmət edir”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, Azərbaycanın müstəqillik tarixində dəfələrlə əfv və amnistiya aktlarının qəbul edilməsi göstərir ki, dövlət cəzanı məqsəd deyil, vasitə kimi dəyərləndirir: “Cənab Prezident İlham Əliyevin yanaşmasında əsas xətt insanın islah olunmasına, cəmiyyətə yenidən inteqrasiyasına və sağlam sosial mühitin formalaşdırılmasına hesablanıb. Bu baxımdan, gözlənilən amnistiya aktının 20 mindən çox şəxsi əhatə etməsi miqyasına görə də xüsusi əhəmiyyət daşıyır.

İlkin məlumatlara görə, amnistiyanın Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, şəhid və itkin düşmüşlərin yaxınlarına, qadınlara, ahıl və yetkinlik yaşına çatmayanlara şamil olunması dövlətin sosial həssaslıq və milli həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir. Eyni zamanda, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə cəza çəkən şəxslərin azadlığa buraxılması cəmiyyət üçün risk deyil, əksinə, düzgün idarə olunan humanist siyasətin nəticəsidir”.

Siyasi şərhçi qeyd edib ki, bu siyasi xəttin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə əvvəlki illərdə qəbul olunmuş amnistiya aktları da bu humanist modelin davamlı xarakter daşıdığını sübut edir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü göstərir ki, Azərbaycan dövləti gücünü yalnız suverenlik və təhlükəsizliklə deyil, eyni zamanda mərhəmət, məsuliyyət və vətəndaşına sahib çıxmaq bacarığı ilə təsdiqləyir”.

Editor.az