Fərid Şahbazlı: “Vətən Müharibəsində bütün dünya Ordumuzun gücünə, hərbiçilərimizin şücaətinə şahidlik etdi”backend

Fərid Şahbazlı: “Vətən Müharibəsində bütün dünya Ordumuzun gücünə, hərbiçilərimizin şücaətinə şahidlik etdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müstəqilliyimizin qarantlarından biri olan müzəffər Azərbaycan Ordusu xalqımızın qürur və güvən mənbəyidir. Ərazi bütövlüyümüzün qorunması, xalqımızın firavan yaşamasında mərdlik, şücaət rəmzi olan hərbçilərimizin müstəsna xidmətləri var. Bu baxımdan 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbçilər üçün deyil, bütün Azərbaycan xalqı üçün ən əziz bayramlardandır.”

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, zəngin tarixi olan Azərbaycan Ordusunun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Məhz Ümummilli Lider Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndərin gərgin əməyi sayəsində ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə qüdrətli ordunun yaradılmasına imkan yaratdı. Heydər Əliyevin 1971-ci ildə böyük çətinliklər hesabına yaradılmasına nail olduğu Cəmşid Naxçıvanski adına hərbi liseyin qurulması ilə milli və güclü Azərbaycan Ordusunun ilkin təməlləri atıldı. Məhz Ulu Öndərin şəxsi nüfuzu sayəsində Azərbaycan gəncləri SSRİ-nin nüfuzlu hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul ola bildilər. Müstəqillik illərində də ordu quruculuğu Ulu Öndərin daima diqqət mərkəzində oldu”.

F.Şahbazlı bildirib ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu və müasir dünya orduları səviyyəsində formalaşmağa başladı: “44 günlük Vətən Müharibəsində bütün dünya Azərbaycan Ordusunun gücünə və hərbiçilərimizin şücaətinə şahidlik etdi. Azərbaycan Ordusu Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə bağlı danışarkən dəfələrlə qeyd edib ki, bizim tarixi Zəfərimizin əsas memarları Azərbaycanın qəhrəman əsgər və zabitləridir. Dövlətimizin başçısı çıxışlarında bildirib ki, Qarabağdakı böyük Qələbəmizi şərtləndirən faktorlar sırasında ordumuzun istifadəsində olan müasir tipli silah-sursat, texnikadan daha çox Azərbaycan əsgərinin öz torpağında savaşmasından doğan şücaəti, vətənpərvərliyi ön planda dayanır. Həqiqətən də Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan Ordusunun, gənclərimizin qəhrəmanlığı, fədakarlığı dünya hərb tarixində nadir rast gəlinən nümunələrdəndir. Bunu həm beynəlxalq ekspertlər, həm də düşmənlərimiz dəfələrlə etiraf ediblər”.

//Editor.az