Fərid Şahbazlı xarici KİV-ə danışdı: “Azərbaycan təxribatlara səbr nümayiş etdirmək niyyətində deyil”backend

Fərid Şahbazlı xarici KİV-ə danışdı: “Azərbaycan təxribatlara səbr nümayiş etdirmək niyyətində deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsindən sonra Ermənistanın təxribatçı fəaliyyəti, rus sülhməramlarının missiyalarını şübhə altına salan davranışları və Azərbaycanın prinspial mövqeyi xarici KİV-in də diqqət mərkəzindədir. Ukraynanın “Teleqraf” Media Qrupu, Türkiyənin “Yeni Çağ” qəzeti, “Haber 7” və “Yeni Akit” internet media qrupları Qarabağda baş verən son hadisələrə geniş yer ayırıb.

Xarici media qurumları mövzu ilə bağlı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlının açıqlamalarına geniş yer ayırıb.

F.Şahbazlı xarici KİV-ə açıqlamasında qeyd edib ki, müvəqqəti olaraq yerləşdirildikləri Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin təmizlənməsini üzərinə öhdəlik götürmüş Rusiya sülhməramlılarının bunun əksinə olaraq Qarabağdakı separatçıların silah-sursatla təmin edilməsinə dəstək verməsi qəbulolunmazdır. Baş redaktor bildirib ki, heç bir qüvvə Azərbaycanı öz suveren ərazisindən gizli yollarla terrorçu rejimə silah-sursat və canlı qüvvə daşımasına susmağa məcbur edə bilməz: Nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı Rusiya sülhməramlılarının bölgədə təxribat xarakterli fəaliyyətinə dözmək niyyətində deyil”.

O bildirib ki, beynəlxalq güclərin təsiri altında hər zaman qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistanın davranışlarında son dövrlər hərbi və təcavüzkar ritorikanın artması müşahidə olunur: “Ermənistan sülh sazişinin imzalanması mövzusunun aktual olduğu mərhələlərdə mütəmadi şəkildə belə hərbi və siyasi təxribatlara əl atır. Bu isə şübhəsiz ki, Ermənistanın təcavüzkar siyasətdən əl çəkmək istəmədiyini, bununla da bölgədə sülh və sabitliyə təhdid yaratdığını bir daha göstərir”.

İctimai Birlik sədri Ukrayna və Türkiyə mediasına açıqlamasında vurğulayıb ki, Ermənistan və rus sülhməramlılar Azərbaycanın bu haqlı etirazlarından nəticə çıxarmaq əvəzinə, alternativ yollarla Qarabağdalı separatçı rejimə qanunsuz silah və canlı qüvvə daşınmasını həyata keçiriblər: ” Azərbaycan yaranmış vəziyyətlə barışa bilməz və bu baxımdan Ordumuzun Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarəti təmin etməsi olduqca mühüm addımdır. Əgər Azərbaycan ərazisindən cinayətkar rejimə hərbi yardımlar davam edərsə, ölkəmiz Qarabağda erməni quldur dəstələrinin mövcudluğunu aradan qaldırmaq məqsədilə antiterror əməliyyatları keçirmək hüququna sahibdir.

Bu, həm ölkəmizin, həm də regionun təhlükəsizliyi üçün çox vacibdir və beynəlxalq hüquqla tam şəkildə tənzimlənir. Ermənistan və himayədarları anlamalıdırlar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bunun üçün bütün imkanları var. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın haqlı mübarizəsində heç bir qüvvə ona mane ola bilməz”.

//Editor.az