Finlandiyada məhkəmə icraçıları əvvəllər müsadirə edilmiş ondan çox mənzillə yanaşı, Rusiyanın 30-dan çox daşınmaz əmlakını da müsadirə ediblər.
Həmin obyektlərə qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Müsadirə olunan yeni obyektlərin dəyəri 10 milyon avronu ötür.
Editor.az xəbər verir ki, Ukraynanın “Naftoqaz” şirkətinin tələbi ilə Haaqa məhkəməsinin qərarı ilə Rusiyanın daşınmaz əmlakına həbs qoyulub. Oktyabrın sonunda Rusiya səfirliyi Finlandiya Məhkəmə İcraçıları Xidmətindən məhdudlaşdırıcı tədbirlərə məruz qalan obyektlərin siyahısını alıb. Siyahıdakı bütün daşınmaz əmlak – 40-dan çox obyekt Rusiya Federasiyasına məxsusdur. Yaranmış vəziyyətlə əlaqədar Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Müsadirə edilən obyektlərin dəyəri 35 milyon avro qiymətləndirilir. Onların arasında Helsinkidəki Rusiya Elm və Mədəniyyət Mərkəzi, Lauttasaari şəhər rayonunda inzibati bina, həmçinin Aland adalarında ələ keçirilən üç obyekt də var. Finlandiya prezidenti Alexander Stubb həbsi siyasi deyil, məhkəmə qərarı adlandırıb.
//Samir Qurbanov, Editor.az