Ukrayna və ABŞ nümayəndə heyətləri cümə günü Floridada keçirilən danışıqlarda yekun sülh sazişi layihəsi üzrə razılığa gələ bilməsələr də, tərəflər irəliləyiş olduğunu bildirib.
Editor.az RBC-Ukraynanın mənbələrinə istinadla xəbər verir ki, görüş zamanı əsas müzakirələr ərazi məsələləri və Ukraynanın NATO-ya üzvlük perspektivləri ətrafında aparılıb. Mənbə qeyd edib: “Danışıqlar indi Cenevrədə razılaşdırılmış çərçivədən daha problemli məsələlərə diqqət yetirir. Yekun mətni 100% başa düşdüyümüzü demirik, lakin bu, irəliyə doğru bir addımdır.”
Mənbə əlavə edib ki, ABŞ Ukrayna ilə danışıqlardan sonra Rusiya ilə də görüşlər keçirməyi planlaşdırır. Kiyev nümayəndə heyəti isə bir daha vurğulayıb ki, ərazi məsələsi yalnız mövcud təmas xətti çərçivəsində həll oluna bilər və potensial həll yolları axtarışları davam edəcək.
Qeyd edək ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri Shell Bay qolf kurortunda görüşüblər. ABŞ-ı dövlət katibi Marko Rubio və prezidentin kürəkəni Cared Kuşner, Ukraynanı isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov təmsil edib. Görüş zamanı respublikanın seçki cədvəli, Rusiya ilə ərazi mübadiləsi və digər həll olunmamış məsələlər müzakirə olunub.
//Gülnarə Abasova, Editor.az

