Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihar edən qazinin ölümü ilə bağlı cəmiyyətdə bir sıra müzakirələr gedir. Qazinin qardaşı, idmançı Elnur Cəfərovun sözlərinə görə, qardaşına qarşı icra hakimiyyətində haqsızlıqlar edilib. Canından bezən qazi sonda intihara əl atıb. Sabirabad rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi qazinin sosial durumu ilə bağlı bütün prosedurların tam müvafiq qanunvericiliyə uyğun aparıldığını bildirib.
Sabiq millət vəkili Nazim Bəydəmirli məsələ ilə bağlı Editor.az-a açıqlama verib. O, bildirib ki, problemin kökündə duran əsas səbəb ölkəmizdə qazilərə əlillik dərəcəsi ilə bağlı ödənilən məbləğin dünya ölkələrinin əksəriyyəti ilə müqayisədə dəfələrlə aşağı olmasıdır:
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün birdəfəlik ödəmə 11.000 (on bir min) manat məbləğində müəyyənləşdirilib.
2006-cı ilə qədər isə bu ödənişlərin məbləği təxminən 1100 manat idi. Müharibədə yaralanmış şəxslərin əlillik dərəcələrinə görə isə 8800, 6600, 4400 manat birdəfəlik müavinət verilir. Bu məbləğ isə region və əksər dünya ölkələri ilə müqayisədə çox aşağıdır. Hesab edirəm ki, vətənpərvərlik quru şüarlarla dəyərləndirilməlidir, bunun iqtisadi əsası da olmalıdır. Ölkəmizdə qazilərimizə, şəhid ailələrinə verilən müavinətlər mütləq artırılmalıdır”.
Nazim Bəydəmirlinin sözlərimə görə, qazilərimizin indiki durumu cəmiyyətdəki bir sıra problemlərlə əlaqədardır:
” Bir çox icra başçılarının, yerli məmurların əksəriyyətinin övladlarının müharibədən yayındığı hərkəsə məlumdur. Onların cürbəcür bahalı maşınlar sahibi olduğunu, villalarda yaşadığını, dövlət büdcəsindən rahat oğurluq edərək “oliqarx həyat” sürdüklərini qazilərimiz də görür. Belə olduqda torpaqlarımızı düşmən əsarətindən xilas edən qazilərimizə eyni dəyərin verilməməsi onları haqlı olaraq narazı salır. Fondlar, müxtəlif təşkilatlar yaradaraq şəhid ailələrinin, qazilərin problemlərini onların öhdəsinə buraxmaq düzgün deyil. Eyni zamanda, qazilərin, mütləq əksəriyyəti müddətdən artıq hərbi xidmətdə olan vətəndaşlarımızdır. Onların yaşam tərzi qaneedici səviyyədə deyil. Ona görə də mütləq şəkildə qazi və şəhid ailələrinin problemləri üçün xüsusi proqramlar təşkil edilməlidir”.
//Gülnarə Abasova, Editor.az

