Fondun yaradılması təhsilin əlçatanlığını təmin edəcək- Təhsil ekspertibackend

Fondun yaradılması təhsilin əlçatanlığını təmin edəcək- Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Prezident İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması haqqında Fərman imzalayıb. Bu Fondun yaradılmasında başlıca məqsəd təhsilhaqlarının ödənilməsində çətinlik çəkən, təhsil almaq istəyən vətəndaşlara dəstək göstərməkdən ibarətdir”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə hər il yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ya təhsilini dayandırır, ya da universitetdən uzaqlaşdırılırdı. Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə tələbələr kredit götürərək təhsillərini davam etdirə biləcəklər. Tələbələrə hansı şərtlər altında kreditin verilməsi, güzəştlərlə bağlı isə tam dəqiq məlumat yoxdur:

” Düşünürəm ki, sosial həssas qrupa daxil olan tələbələrə verilən kredit faizlərində güzəştlər olunmalıdır. Hər iki valideynini və ya birini itirmiş tələbələr, sağlamlıq imkanları məhdud olan tələbələrə kreditlərin verilməsində müəyyən güzəştlər oluna bilər”.

Təhsil eksperti bildirib ki, İlham Əliyevin imzaladığı sərəncama əsasən kreditin maksimum məbləği ölkə üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqqının məbləğindən çox olmamalıdır:

“Hər il ölkədə tələbə qəbulu aparılan zaman illik təhsil haqqının yuxarı qiymətinin 6500 manat civarında olduğunu nəzərə alsaq, deməli, tələbələrə veriləcək kreditin də maksimum məbləği 6500 manat olacaq. Tələbələr bu krediti müəyyən dövr ərzində geri qaytarmalı olacaqlar”.

Elçin Əfəndi bildirib ki, beynəlxalq təcrübəyə nəzər salsaq, Avropa ölkələrində 4-8-10 faiz üzərindən tələbələrə kreditlərin verilməsinə rast gələ bilərik:

“Eyni zamanda bir sıra ölkələrdə tələbələrə kreditlərin verilməsində müəyyən yaş məhdudiyyətləri var. Bəzi ölkələrdə bu yaş həddi 35, bəzilərində isə 25 yaşa qədərdir. Düşünürəm ki, bizdə yaş məhdudiyyəti olmayacaq. Kreditlər isə faizsiz olsa daha yaxşı olar. Əgər faiz olacaqsa da, bu Bankların vətəndaşlara tətbiq etdiyi kredit faizlərindən daha aşağı olmalıdır. Çünki bu gələcəkdə təhsilhaqqı səbəbindən təhsil ala bilməyən vətəndaşların da təhsilə cəlb edilməsində böyük rol oynacaq. Beləliklə, ölkədə təhsil almaq istəyənlərin sayı çoxalacaq. Ümumilikdə isə Fondun yaradılması təhsilin əlçatanlığının təmin edilməsi məqsədini daşıyır”.

//Gülnarə Abasova, Editor.az