“Fransa və digər Qərb ölkələri regionda baş verən proseslərə birbaşa müdaxilə etməyə çalışaraq öz mövqelərini bərkitməyi hədəfləyib. Belə ki, bəzi qüvvələr Rusiya və Türkiyə də daxil olmaqla, bir çox oyunçuları oyundan kənarlaşdırmaq istəyir. Bu isə alınmayacaq. Fransa Ermənistanla həyata keçirdəcəyi təlimlərlə heçnə əldə etməyəcək. Görünən odur ki, Türkiyə-Azərbaycan Alyansı Parisi çox qıcıqlandırır”.
Bu fikirləri Editor.az-a diplomat, politoloq Fikrət Sadıxov Fransa ilə Ermənistan hərbiçiləri arasında baş tutacaq təlimlərlə bağlı açıqlamasında deyib.
Politoloq son zamanlar Fransa-Ermənistan münasibətlərində bəzi məqamlara diqqət çəkib:
“Maraqlıdır Fransa asanlıqla regiona daxil ola bilərmi? Paris Rusiyanı Ermənistanda əvəzləyə bilərmi? Bu asan baş tutacaq proses deyil. Çünki Ermənistan bir çox sahələrdə Rusiyaya çox bağlıdır. Ermənistanın bir neçə gün içərisində “siyasi çevriliş” edib Rusiyadan dönərək Qərb ölkələrinin maraqlarını təmin etməsi mümkünsüzdür. İlk növbədə Qərbin Ermənistandakı bu addımları Rusiyanı qızışdıracaq. Ancaq bu proseslər Azərbaycanı narahat etmir. Çünki rəsmi Bakı artıq bütün məqsədlərinə demək olar ki, nail olub və olmaqda davam edir. Ermənistan indi kimlə dostluq etmək istəyirsə, buyursun etsin”.
//Gülnarə Abasova, Editor.az

