Fransa Senatı Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib. Fransalı senatorların fikrincə, Bakı ötən il Dağlıq Qarabağda həyata keçirilən hərbi əməliyyata görə məsuliyyət daşımalıdır.
Editor.az xəbər verir ki, qətnamə layihəsinin lehinə 336 senator səs verib, yalnız bir senator onun əleyhinə olub. RFI xəbər verir ki, iclasda ümumilikdə 339 parlamentari iştirak edib. Fransalı senatorların fikrincə, Azərbaycan “Ermənistana qarşı təkrar təcavüzkar hərəkətlərə” görə “cəzalandırılmalıdır”.
Qətnamədə ayrıca ən sərt tədbirlərin görülməsi, o cümlədən Azərbaycan məmurlarının aktivlərinin müsadirə edilməsi və Azərbaycandan qaz və neft idxalına embarqo tətbiq edilməsinin zəruriliyi qeyd edilir.
Ermənistanın Fransadakı səfirliyi özünün Facebook səhifəsində Parisə İrəvanı dəstəklədiyinə görə təşəkkür edib və Azərbaycana qarşı sanksiyaların tətbiqi təşəbbüsünün Aİ-nin digər üzv dövlətləri tərəfindən də dəstəklənəcəyinə ümid etdiyini bildirib.
//Samir Qurbanov, Editor.az

