BMT Təhlükəsizlik Şurası aprelin 29-da Rusiyanın Ukraynaya təcavüzü və dinc əhaliyə qarşı davam etdirdiyi terrorla bağlı iclas keçirəcək.
Bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa X sosial şəbəkəsində görüşün Fransanın təşəbbüsü ilə keçirildiyini qeyd edib. “Ukrayna sülh səylərinə sadiqdir. Biz 49 gün əvvəl ABŞ-ın tam atəşkəs təklifi ilə razılaşdıq, lakin Rusiya razılaşmayıb. Bu, kimin sülhdə maraqlı olduğunu və kimin müharibənin davam etməsini istədiyini açıq şəkildə göstərir”, – ukraynalı nazir vurğulayıb.
O, Təhlükəsizlik Şurasının üzvlərini “Ukraynanın sülhə doğru atdığı addımlara qəti dəstəyini ifadə etməyə, Rusiyanın mülki əhaliyə qarşı terroru gücləndirməsini açıq şəkildə pisləməyə və Moskvaya təzyiqlərin artırılmasının zəruriliyi ilə bağlı prinsipial mövqe tutmağa” çağırıb. Sibiqa həmçinin fransalı həmkarına “bu görüşü təşkil etdiyinə və Ukrayna ilə möhkəm həmrəylik nümayiş etdirdiyinə görə” təşəkkürünü bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının iclası Kiyev vaxtı ilə saat 23:00-da başlayacaq.
//Samir Qurbanov, Editor.az