“Son dövrlərdə tez-tez Fransa tərəfindən Ermənistana müdafiə sahəsində kömək etmək haqqında fikirlər səsləndirilir”.
Bunu Editor.az-a politoloq Samir Hümbətov “Mülki Müqaviləsi” partiyasının üzvü Armen Xaçatryanın açıqlamasında “Ermənistan Fransa ilə hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparacaq”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi Paris İrəvanı silahlandıracağını açıq şəkildə bəyan edir:
“Burada da məqsəd bəllidir. Əgər Ermənistanın gələcəyinin təhlükəsizliyini təmin etmək istəyirlərsə, onu silahlandırmaq əvəzinə, daha çox sülhə təhrik etməlidirlər. Burada Fransanın da məqsədi var. Həmin məqsəd isə bölgədə gərginliyi saxlayaraq öz maraqlarını təmin etməkdən ibarətdir”.
Politoloqun fikrincə, Fransa Rusiyadan boşalan yeri doldura biləcəyini düşünür:
“Rəsmi Paris Afrikadan sonra itirdiyi yeri Qafqazda özünü möhkəmləndirməklə tutmağa çalışır. Fransa nəinki müdafiə qurğuları satacaq , hətta gələcəkdə Ermənistana döyüş təyyarələri də sata bilər. Heç kimdə bununla bağlı şübhə yoxdur. Fransanın tutduğu mövqe ondan xəbər verir ki, açıq şəkildə Ermənistanı silahlandırmaqla bölgəni qan gölünə çevirmək niyyətindədir. Amma Azərbaycan da açıqlayıb ki, Fransanın atdığı bu addım bölgə təhlükəsizliyinə təhdiddir. Rəsmi Bakı öz təhlükəsizliyini təmin etmək üçün legitim vasitələrdən istifadə etmək hüququna malikdir”.
//Safura Bənnayeva, Editor.az

