“Fransa deputatları saxta sənədlərlə Ermənistanın  cinayətkar əməllərini ört-basdır etmək istəyir”-Millət vəkilindən ŞƏRHbackend

“Fransa deputatları saxta sənədlərlə Ermənistanın  cinayətkar əməllərini ört-basdır etmək istəyir”-Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycana qarşı qətnamənin qəbul edilməsi bizim üçün yenilik deyil və gözlənilən idi. Təbii ki, Milli Assambleyanın və Senatın qəbul etdiyi qərəzli qətnamələr ölkəmiz üçün heç bir dəyəri olmayan kağız parçalarıdır. Çünki, bu riyakarlıq reallığa söykənmir və beynəlxalq hüququn tələblərindən uzaqdır. Qəbul olunan qətnamələr Prezident Emmanuel Makronun və Fransanın erməni sevgisinə əsaslanmış ədalətsiz və riyakar siyasətinin bariz nümunələridir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına ən böyük maneədir:

“Fransanın davranışlarından belə nəticəyə gəlmək olar ki, bu dövlətin iştirakı ilə Cənubi Qafqazda heç vaxt sülh yaranmayacaq.Qətnamədə cəzasızlığa qarşı mübarizə üçün Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməsi təklif olunur. Anlamaq olmur ki, Fransanın Milli Assambleyasının deputatları hansı cəzasızlıqdan danışırlar. Məlum məsələdir ki, Fransa deputatları bu saxta sənədlə işğalçı Ermənistanın azərbaycanlılara qarşı 30 ildə törətdikləri hərbi cinayətləri ört-basdır etmək istəyir. Eyni zamanda, Fransa bu riyakarlıqlarla 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgəsindən kənarda yerləşən şəhər və kəndlərimizi qadağan olunmuş ballistik raket atəşinə tutaraq günahsız insanları qətlə yetirən Ermənistanın cinayətlərinə haqq qazandırmağa çalışır. Hesab edirəm ki, Milli Assambleya, saxta qətnamələrdə bu məsələlərə toxunmaqla, sadəcə Ermənistanı gələcəkdə beynəlxalq məhkəmələrdə üzləşəcək ittihamlardan sığortalamağa can atır”.

A. Badamovun sözlərinə görə, Fransa özü 100 illər ərzində törətdiyi cinayətlərlə bağlı cəzasız qaldığına görə Azərbaycana qarşı belə qərəzli saxta sənədlər qəbul edir:

“Görəsən Fransalı deputatlar öz saxta əməllərinə görə, heç olmasa bir az vicdan əzabı çəkirlərmi? Hesab edirəm yox. Çünki Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi beynəlxalq hüququn işləməməsindən irəli gəlir. Bu gün beynəlxalq hüquq və ədalət güclü olanın tərəfindədir. Təbii ki, Azərbaycan öz gücünü döyüş meydanında sübuta yetirərək tarixi ədaləti bərpa edib. Bu gün isə yanımızda NATO-nun ikinci ən güclü ordusuna malik Türkiyə dayanıb. Bu, o deməkdir ki, güc yenə Azərbaycandadır və lazım olarsa, ölkəmiz gələcəkdə də beynəlxalq hüququn işləməsini və ədalətin bərpasını təmin edəcək”.

//Gülnarə Abasova, Editor.az