“Fransa “erməni kartı” ilə ən riyakar addımlara əl atır”-Millət vəkilibackend

“Fransa “erməni kartı” ilə ən riyakar addımlara əl atır”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa Senatının Azərbaycanın ötən ilin sentyabrında Qarabağda keçirdiyi hərbi əməliyyatı pisləyən, Ermənistana hərbi dəstəyə, Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməsi ermənidən daha çox erməni olmaq istəyinin növbəti göstəricisidir. Bu, bir daha göstərir ki, BMT TŞ-də və Afrikadakı uğursuzluğunu həzm edə bilməyən Fransa “erməni kartı” ilə nüfuzunu bərpa etməyə çalışır, ən riyakar addımlara əl atır.Yəni, faktiki olaraq birinci dünya müharibəsində Osmanlıya qarşı etdiklərini, indi Azərbaycana qarşı edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin cavab bəyanatında da qeyd olunduğu kimi, Fransanın siyasi dairələri, o cümlədən Senat və Milli Assambleya birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir:

“Neokolonializm siyasəti yürüdən Fransanın Azərbaycanı etnik təmizləmədə ittiham etməyə haqqı çatmır. Çünki ilk növbədə etnik təmizləmə və işğaldan 30 il əziyyət çəkən Azərbaycan olub. Digər tərəfdən, Fransa sabiq həmsədr kimi işğal siyasətinə açıq dəstək verib. 2-ci Qarabağ savaşından sonra sülhü öozan destruktiv qüvvə kimi siyasi oyunbazlıqla məşğuldur. Üstəlik, bu ölkə dənizaşırı ərazilərin deportasiyası, yerli əhalini assimiliasiya etmək məqsədilə qeyri-qanuni miqrasiya siyasəti həyata keçirməkdədir. Yeni Kaledoniyanı zorla nəzarətdə saxlamaq üçün bu ərazidə seçki qanunvericiliyini dəyişdirən, ərazinin fransızlarla doldurulması və seçici kütləsini dəyişmək siyasəti də Fransaya məxsusdur. Dənizaşırı ərazilərdə yerli mədəniyyətin inkişafının əngəllənməsinə zəmin yaradan Fransa uzun illər Azərbaycana məxsus mədəni-dini irsin saxtalaşdırılmasına, məhv olmasına dəstək verib. Təsadüfi deyil ki, Qarabağda “mədəni irsə təhlükə”yə dair əsassız iddialar irəli sürən Fransanın öz ərazisində ucaldılan və qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəli təhqir olundu. Bu, əslində 30 illik işğal dövründə ermənilər tərəfindən Natəvanın məzarının dağıdılması fonunda baş verən barbarlığın davamıdır. Təəssüf ki, dünyada mədəni irsin mühafizəsi ilə məşğul olmaq əvəzinə, UNESCO Fransa Avropa və Xarici İşlər Nazirliyinin departamenti funksiyasını yerinə yetirir. Bütün dünya xalqları üçün açıq olmalı olan təşkilatın şəxsi heyətinin 50 faizindən çoxu tək Fransanın payına düşür. Elə bu səbəbdən bu təşkilat 30 illik işğal dövründə bəşəri cinayətlərin davam etməsinə göz yumdu. Budur Fransanın əsl xisləti və bu riyakar xislət Azərbaycan cəmiyyətinə yaxşı məlumdur.
“Ermənistanın ərazi bütövlüyü”nə dair cəfəng iddialar ətrafında siyasi şou yaradan Fransa heç bir halda bu bölgədə təsir gücünə malik olmayacaq. Əslində artıq Ermənistanda da etiraf edirlər ki, Fransanın bu canfəşanlığı onun öz riyakar maraqlarına xidmət edir. Yəni, “erməni kartı” sadəcə bir alətdir.

Qarabağ ermənilərinin hüquqlarına gəlincə, bu məsələ Azərbaycanın daxili işidir. Rəsmi Bakı Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin bütün hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini bəyan edib. Fransanın bu proseslərə müdaxiləsi heç bir halda mümkün deyil”.

//Gülnarə Abasova, Editor.az