Fransa erməniləri niyə silahlandırır?backend

Fransa erməniləri niyə silahlandırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib.

Siyahıya hazırda istehsalda olan eynitipli daha 26 hərbi maşın əlavə ediləcək.

Ermənistan bu yaxınlarda “Thales”dən üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.

Oktyabrın 23-də Fransanın müdafiə naziri Sebastyen Lekornu Fransanın üç ədəd GM 200 radarının satışı və “Mistral” zenit raketlərinin gələcək tədarükü ilə Ermənistana hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək etdiyini söyləyib. O, həmçinin qeyd edib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək və ölkənin silahlı qüvvələrini islah etmək və modernləşdirmək səylərini dəstəkləyəcək.

Fransa və Ermənistan müdafiə nazirləri “Thales” şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair saziş və Fransanın “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Fransa Senatı ölkə hakimiyyətinə Ermənistana hücum silahlarının verilməsi məsələsinə baxmağı tövsiyə edib

Söhbət SEZAR özüyeriyən artilleriya sistemlərindən gedir. Bu barədə Senatın Xarici Əlaqələr, Müdafiə və Silahlı Qüvvələr Komitəsinin hazırladığı 2024-cü il üçün müdafiə xərcləri haqqında qanun layihəsində deyilir.

Qeyd olunur ki, Fransa hakimiyyəti Ermənistana “müdafiə” silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib. Senat komitəsinin fikrincə, müdafiə və hücum silahları arasında bu fərq praktikada o qədər də effektiv deyil, bunu Ukraynadakı müharibə göstərdi. Senatorlar “əvvəldən lazım olan avadanlığın çatdırılmasını gecikdirməklə eyni səhvləri təkrarlamamağa” çağırıblar.

“Buna görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də onların artilleriyaya ehtiyacı ilə bağlı tez cavab verməliyik”, – sənəddə deyilir. Bununla əlaqədar çıxış edənlər 2024-cü ildə “Nexter” istehsalat şirkətinin yeni istehsal gücü ilə yanaşı, effektivliyi nəzərə alınmaqla SEZAR artilleriya sistemlərinin tədarükü məsələsinin tez bir zamanda öyrənilməsini tövsiyə ediblər

Ümumiyyətlə isə, Fransa Ermənistana indiyədək bəyan edilən sayda, yəni 24 ədəd “Bastion” yox, 50 zirehli maşın satmaq niyyətindədir.

50 “Bastion” gələn ilin sonunadək İrəvana veriləcək.

Ermənistan bu zirehli maşınlara görə Fransaya ödənişləri necə həyata keçirəcək, hələ də bəlli deyil.

Paris bu “Bastion”ları Ukraynaya pulsuz yollamaq fikrində idi, lakin Kiyev real döyüş şəraitində “Bastion”ların həddən ziyadə aşağı səviyyədəki keyfiyyəti və göstəricilərinə görə “hədiyyə”dən imtina etmişdi.

Fransa “Bastion”ları əsasən Afrika ölkələrinə satır.

Rəsmi Parisin erməniləri sürətlə silahlandırmasının səbəbləri ilk baxışdan sadəcə, Emmanuel Makronun geosiyasi ambisiyaları ilə bağlıdır. Reallıq isə, yumşaq desək, bir qədər fərqlidir.

Fransanın ötən əsrin əvvəllərindən bəri ermənilərlə sıx əlaqələrdə olub, bu dəstək 20-ci əsrin ilk illərindən başlayaraq xüsusilə aktivləşib. Paris ermənilərdən fasiləsiz olaraq əvvəlcə Osmanlı Türkiyəsinə, sonra da çar Rusiyasına, daha sonra sabiq Sovetlər Birliyinə qarşı istifadə edib.

SSRİ tarixə qovuşanda Parisin ermənilərlə bağlı strategiyasında zəruri, labüd dəyişikliklər olundu və artıq müstəqillik qazanmış Ermənistanla sıx əlaqələr quruldu.

Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilərək viranə qoyulanda ATƏT-in Minsk Qrupunda üç həmsədr ölkədən biri olan Fransa işğalçıya təzyiqlər göstərmək və beynəlxalq hüququn tələblərinin reallaşdırılması, habelə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsini təmin etmədi.

Daha doğrusu, etmək istəmədi.

Fransa üçün Qarabağ münaqişəsi və xüsusilə də Ermənistanın işğalçı siyasətinin dəstəklənməsi Azərbaycanla Türkiyəyə təzyiq aləti idi. Xankəndindəki separatçı rejimi total şəkildə dəstəkləyən və münaqişənin dinc danışıqlar vasitəsilə nizamlanmasını istəməyən Paris status-kvonun dəyişməz qalması üçün bütün vasitələri işə salmışdı.

“Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” ifadəsi də məhz Fransanın siyasi isteblişmentinə məxsus idi.

44 günlük İkinci Qarabağ Müharibəsinədək belə oldu. Müharibənin Ermənistanın tam kapitulyasiyası ilə başa çatması isə Fransanın regional siyasətlə və xüsusilə də qüvvələr konfiqurasiyaları ilə bağlı planlarını alt-üst etdi.

Çünki Cənubi Qafqazda yeni geosiyasi reallıqlar vardı və həmin reallıqları da Azərbaycan formalaşdırmışdı.

Xankəndindəki separatçı xuntanın tarixə qovuşması isə ümumiyyətlə, Parisin siyasi elitalarını çılğına döndərib.

Lokal antiterror tədbirləri başa çatan gündən başlayaraq Yelisey Sarayının bölgə ilə bağlı siyasətində və xüsusilə də Fransa prezidenti Emmanuel Makronun taktikasında dəyişikliklər müşahidə olunur.

Belə ki, Fransa indiyədək zahirən də olsa, “obyektiv vasitəçi və moderator” imicini qorumağa çalışırdısa, hazırda birmənalı olaraq Ermənistanın “hamisi” rolunda çıxış edir.

Ermənistanın baş naziri Nikol Paşinyanı az qala bütün qərarlarını dərhal dəstəkləyən, İrəvanı “Qərb sivilizasiyasının bölgədəki qalası və ön səngəri” kimi qələmə verən fransalı siyasətçilər Azərbaycana qarşı arsenallarında olan bütün ittihamları ünvanlayıblar.

Qarabağlı ermənilərin Azərbaycandan Ermənistana könüllü köçünü “Bakının yürütdüyü etnik təmizləmə siyasətinin nəticəsi” adlandıran fransalı siyasətçilər və ictimai xadimlər bütün isterik bəyanatlarına rəğmən, hələ bir nəfər olsun belə qarabağlı erməninin köç zamanı pis davranış, zorakılıq və s. ilə üzləşməsi barədə açıqlamasına nail ola bilməyiblər.

Tam əksinə, Ermənistana yollanmış qarabağlı ermənilər arasında Fransa mass-medisına açıqlama verənlərin istisnasız olaraq hamısı heç bir zorakılıqla üzləşmədiklərini vurğulayıblar. Makron administrasiyası üçün anti-Azərbaycan təbliğatı baxımından “ən pis” cəhətsə odur ki, həmin qaraabğlı ermənilər onları köçə vadar edənlərin azərbaycanlılar yox, Xankəndindəki separatçı xuntanın funksionerləri və Ermənistan hərbçiləri olduqlarını deyiblər.

Ermənistan ordusunun sürətlə silahlandırılmasında isə Fransanın əsas iki məqsədi var: Bakıya təzyiq cəhdləri üçün yeni elementlər bazasına yiyələnmək və İrəvanın Rusiyadan asılılığını miniuma endirmək.

Makron administrasiyasının məqsədi İrəvan-Moskva əlaqələrinini mümkün qədər azaltmaq, Rusiyanın Ermənistandakı hərbi bazasının ölkədən çıxarılmasına nail olmaq, Nikol Paşinyanın Qərbə meylli xarici siyasətinin miqyas və intensivliyini artırmaq, ermənilər vasitəsilə Cənubi Qafqazdakı proseslərə effektiv təsir mexanizmlərinə yiyələnməkdir.

Adekvat, ordusu adi sayda, revanşizm və aqressiyadan əl çəkən, qonşu ölkələrlə normal münasibətlər qurmuş Ermənistan Fransaya gərək deyil. Belə Ermənistan rəsmi Parisin bölgəmizlə bağlı geosiyasi və geostrateji planlarına uyğun deyil.

Məhz bu səbəbdən Ermənistanı asılı vəziyyətə salmağa çalışan Fransa İrəvanın aqressiv ritorikasını, revanişizmini dəstəkləyir, erməni ordusunun sürətlə silahlandırmaq istəyir və bununla da Cənubi Qafqazda Fransanın əsas rol oynamadığı layihələrin reallaşmasına imkan verməməyə çalışır.

Zahirən ABŞ ilə bölgə çərçivəsində geostrateji tandem yaratdığını nümayiş etdirən Parisin siyasətinin mahiyyəti regionda möhkəmlənmək və söz sahibi olmaqdır. Bu isə fransız neokolonializminin daha bir, yeni təzahürü sayılmalıdır.

Fransa birmənalı olaraq Cənubi Qafqazda dayanıqlı sülhü və stabilliyi istəmir.

Parisin istəyi bölgəni bitmək bilməyən münaqişə məkanı, qarşıdurma müstəvisi kimi görməkdir: əks təqdirdə, Ermənistana dəstək və ondan alət qismində istifadə etməyin faydalılıq əmsalı heçə enir.

Amma Emmanuel Makron məğlubiyyətə aparan oyuna başlayıb: onun fiaskosu qaçılmaz, indi sahib olduğu mövqeləri belə, itirməsi labüddür.

TREND