“Azərbaycan ərazisi olan Qarabağı zamanında “Ermənistanın ürəy”i adlandıran Fransa prezidenti bu gün rəsmi İrəvanın ərazi bütövlüyündən, suverenliyindən danışır”.
Bunu Editor.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Fransanın müdafiə naziri Sebastyan Lekornyu açıq mətnlə ölkəsinin Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırdığı ilə bağlı açıqlamasında “Prezident şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. Makron bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir”,- deyə qeyd edilən fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Fransa kimi dövlətlərə bir daha göstərmiş oldu ki, ərazilərimizi iddialar Ermənistana rəzillik və məğlubiyyət gətirir: ” Rəsmi Paris bu gün Azərbaycana qarşı düşməncilik mövqeyində dayandığını gizlətmir. Amma hər bir halda reallığı qəbul etmək məcburiyyətində qalıb. Azərbaycanın keçirdiyi lokal antiterror əməliyyatlarından sonra BMT TŞ-nın iclası zamanı Fransanın Xarici İşlər naziri Azərbaycanın ərazi bütövlüyündən bəhs etdi”.
Politoloqun fikrincə, Fransanın Ermənistanın suverenliyi, ərazi bütövlüyü ilə bağlı qayğısı rəsmi İrəvanın forpost olmasından xəbər verir:
“Rəsmi Paris bu gün İrəvana başqa heçnə vəd edə bilmədiyi üçün bu kimi açıqlamalar səsləndirir. Fransanın həm daxili, həm də xarici problemləri kifayət qədərdir. Makron hakimiyyəti isə bu problemlərin öhdəsindən gələ bilmir. Bu gün Ermənistanın müdafiəsini gücləndirmək üçün addımlar atan Fransa zamanında Azərbaycanın işğal edilmiş ərazilərində müdafiə xətlərinin qurulmasında da rəsmi İrəvana yardım edirdi. 30 il müddətində Ermənistanı yanlış istiqamətdə irəliləməyə sövq edən Parisin bu gün İrəvanın düşdüyü durumda kifayət qədər təqsiri var”.
X.Bəşirov qeyd edir ki, Fransa imkanı olan kimi Ermənistanı münaqişəyə təhrik edəcək: “Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirməyə, ərazi iddiaları səsləndirməyə sövq edəcək. Amma Cənubi Qafqazın reallıqlarını bütün dövlətlər qəbul etməlidir. Fransanın Ermənistanı Azərbaycana qarşı böyük qarşıdurmaya sövq etmək imkanları məhduddur. Makronun bu addımları görüntü xarakterlidir. Çünki Fransa İkinci Qarabağ müharibəsi və sonrakı mərhələdə Ermənistana dəstək vermək üçün əlindən gələn hər şeyi edib. Lakin bu Ermənistan üçün heç bir üstünlük qazandırmayıb”.
//Safura Bənnayeva, Editor.az