“Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Qərbi Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırladığı üçün sərt tənqid etdi. Bildirdi ki, Azərbaycanı Ermənistana hücum etməkdə suçlamaq yersiz ittihamdır və bizdə belə planlar yoxdur. “Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan antiAzərbaycan siyasətinin bir hissəsidir.”
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkilinin sözlərinə görə, son vaxtlar Qərb mediasında anti-Azərbaycan isterikası güclənib:
“Əsas niyyət Ermənistanın qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirməsi və bununla da danışıqlar prosesində İrəvanın mövqelərinin güclənməsinə nail olmaqdır. Makronun Paşinyanın Parisə səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirməsi təsadüf deyildi. Rəsmi Paris əslində daşnaklar və revanşist qüvvələrlə Paşinyan arasında münasibətləri istiləşdirməyə, bununla radikal səyləri birləşdirməyə çalışır.
Müharibəyə hazırlıq istiqamətində əsas addım isə təbii ki, Ermənistanın silahlandırılmasıdır. Fransa müdafiə nazirinin Ermənistana səfəri, imzalanan yeni müqavilələr bunu bir daha təsdiqləyir. Avropa İttifaqının məlum “mülki missiyası”nın Azərbaycanla sərhəddə yerləşdirilməsi, kəşfiyyat məlumatlarının toplanması, fransız generalın sərhədə gəlməsi, “binokl diplomatiyası” bu siyasətin tərkib hissəsidir”.
K.Nurullayeva bildirib ki, Qərbin əsas məqsədi Ermənistan vasitəsilə Cənubi Qafqazda gərginlik yaratmaq, eyni zamanda Rusiyaya qarşı yeni cəbhə açmaqdır:
“Almaniyanın bu istiqamətlərdə mövqeyi isə müqayisədə konstruktiv təsir bağışlayır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində təşkili Almaniyanın sülh prosesinə konstruktiv yanaşmağa çalışdığını göstərir. Görünən budur ki, Berlin Parisdən fərqli olaraq, sülh prosesində neytrallıq nümayiş etdirir. Bu barədə Prezident İlham Əliyev də qeyd etdi. Dövlət başçımız Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. İkili standartların hökm sürdüyü Avropa İttifaqı da Azərbaycana qarşı saxta məlumatlar əsasında ittihamlar səsləndirir, Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı əsassız iddialar yayır.
Paradoks bundadır ki, Ukraynanı ərazi bütövlüyünü təmin etmək üçün müdafiə edənlər məhz ərazi bütövlüyünü təmin etdiyinə görə Azərbaycanı günahlandırırlar. Bu, islamafobiya nümunəsidir. Vaxtilə ATƏT-in Minsk qrupunda olmuş Fransa, ABŞ və Rusiya Azərbaycanı təslimçi sülhə təhrik edərək, müxtəlif alətlərdən istifadə etdi. Bu gün davranışlardan hiss olunur ki, Rusiya reallığı qəbul edib. ABŞ və Fransa isə destruktiv mövqedən əl çəkmək istəmir. Halbuki Cənubi Qafqazın aparıcı ölkəsi, ən böyük iqtisadiyyata, güclü orduya malik, ciddi və etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlıq Qərb üçün daha effektivdir. Sülhə gəlincə, Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan sülh prosesinə sadiqdir. Biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırlamışıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etmişik”.
//Gülnarə Abasova, Editor.az

