Fransa Ermənistanın Gorus rayonunda fəxri konsulluğunu açıb. Tədbirdə Fransa və Ermənistanın rəsmi nümayəndələri, o cümlədən iki ölkənin səfirləri, yerli hakimiyyət orqanlarının təmsilçiləri iştirak ediblər. Bəs bu diplomatik xidmətin əsas məqsədi nədir?
Mövzunu Oxu.Az-a dəyərləndiən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, hansısa dövlətin ərazisində konkret bir subyektdə konsulluq açılmasının müəyyən əsasları olmalıdır:
“Bu əsaslar da birinci növbədə konsulluğu açacaq ölkənin digər ölkənin konkret ərazisində yaşayan vətəndaşlarının sayı ilə bağlı olur. Yəni əgər indiki şəraitdə Qafanda Fransa vətəndaşları çoxluq təşkil edirlərsə, onlara konsulluq xidmətinin göstərilməsi üçün ehtiyac duyulursa və bu proses intensiv xarakter daşıyırsa, belə bir konsulluğun açılması, təbii ki, əsaslandırılmış olur.
Başqa bir aspekt isə iqtisadi əsaslarla bağlıdır. Yəni digər dövlətin konkret ölkənin ərazisindəki inzibati subyektlərdən birində investisiyalarının çox olması və yaxud şirkətlərinin fəaliyyət göstərməsi və s. bu kimi amillərlə konsulluq xidmətinin açılması təmin edilə bilər. Lakin nəzərə almaq lazımdır ki, Ermənistan kiçik bir ölkədir və bu başından o başına hərəkət etmək üçün bir neçə saat qısamüddətli zaman kəsiyi yetərlidir. İstənilən şəxs və istənilən şirkət konsulluq xidmətindən istifadə etmək üçün Fransanın İrəvandakı səfirliyinə müraciət edə bilər. Yəni bu nə vətəndaşlıqla bağlı olan faktdır, nə də ki Fransa şirkətləri ilə. Ermənistanın iqtisadi potensialını, təbii resurslarını və digər amilləri də nəzərə alsaq, Fransanın iqtisadi maraqlarının olduğunu söyləyə bilmərik. Prinsip etibarilə, Fransanın özünü Ermənistanın “böyük bacısı” elan etməsinə baxmayaraq, bu ölkənin Ermənistandakı investisiyalarının sayı, məsələn, Rusiya şirkətlərinin yatırdığı sərmayələrdən qat-qat aşağıdır. Bu baxımdan, iqtisadi əsaslar da prinsipcə yoxdur. Olsaydı belə, Ermənistan ərazisinin kiçikliyini nəzərə alıb, belə bir xərcin çəkilməsinə ehtiyac qalmazdı”.
Müsahibimiz əlavə edib ki, burada söhbət yalnız geosiyasi maraqlardan gedir:
“Bu da şübhəsiz ki, Zəngəzur dəhlizi ilə bağlı Fransanın sərgilədiyi mövqe ilə əlaqəlidir. İran kimi, Fransa da konsulluğunu açmaqla özünün həmin ərazidə mövcudluğunu büruzə verməyə cəhd göstərib. Yəni bu, mahiyyət etibarilə siyasi bir addımdır. Bunun təməlində diplomatik faktorlar, iqtisadi amillər dayanmır. Necə ki Ermənistan fransız dilinin tədrisinə görə axırıncı yerdə dayanmasına baxmayaraq, Frankofoniya təşkilatının üzvüdür, o məntiqlə də Fransa Ermənistanda bu kimi addımlar atmağı məqbul hesab edir.
Göründüyü kimi, bir-biri ilə tamamilə əks mövqedə dayanan ölkələr belə, hansısa bölgədə konkret olaraq faydalı proseslərə mane olmağa yönəlmiş maraqlarını uzlaşdıra bilirlər”.
Müsahibimiz bu addımın regiondakı proseslərə hər hansı bir formada təsir edib-etməyəcəyinə də münasibət bildirib:
“Burada hər hansı bir təsir imkanından söhbət gedə bilməz. Amma bu məsələyə regionla bağlı son dövrlərdə anlaşılmaz bir mövqedən çıxış edən Rusiya münasibət bildirsə idi, daha aydın olardı. Ermənistanın anti-Rusiya mövqeyində dayanan ölkələrlə sıx müttəfiqliyi və bu istiqamətdə atdığı addımlar nədənsə Moskvanı qətiyyən narahat eləmir və Lavrovun dilindən Ermənistana ünvanlanmış sevgi mesajlarını səsləndirməkdən də çəkinmirlər.
Düşünürəm ki, sözügedən proses, ilk növbədə, məhz Moskvanı narahat etməlidir, Azərbaycanın narahatlığı üçün isə indiki şəraitdə hər hansı bir əsasın olduğunu görmürəm. Çünki Fransa orada diplomatik korpus açmır, başqa nə istəyir, açsın, Parisin bu bölgəyə təsir imkanları indikindən artıq olmayacaq. Çünki bu məsələnin təməlində təkcə Cənubi Qafqaz faktoru deyil, daha geniş amillər dayanır”.