“Dünən Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya nota verib. Buna səbəb erməni radikal qruplaşmasının bu ölkədəki səfirliyimizə qarşı olan hücumudur. Əlbəttə, indiki həssas məqamda belə bir addım sərt qınanmalıdır. Fransanın ermənipərəst mövqeyi kimsəyə sirr deyil. Bu dövlət Minsk Qrupunun tərkibində otuz il ərzində heç bir işə yaramadığı kimi, bundan sonra da regionda “suların durulmasını” istəmir”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov deyib.
Onun sözlərinə görə bundan əvvəl də müxtəlif ölkələrdəki səfirliklərimizə hücum olmuşdu:
“Azərbaycan Xarici İşlər Nazirliyi daha diqqətli olmaq barədə digər ölkələrdəki diplomatik korpuslara xəbərdarlıq etmişdi. Görünür, Fransadakı səfirliyimiz bu xəbərdarlıqdan dərs çıxarmayıb. Bu isə etinasızlıq kimi qiymətləndirilməlidir. Səfirlik binasına digər radikal qruplaşmaların yox, məhz ermənilərin hücum etməsi hadisənin mahiyyətini dəyişir. Bəlkə də işin içində ermənilər olmasa idi, məsələyə daha loyal yanaşa bilərdik. İndiki halda isə bu, mümkün deyil. Səfirlik daxilində ermənilərə bu əməlləri üçün şərait yaradılması variantını kimsə əminliklə inkar edə bilməz. Dediyim kimi, Fransa – Ermənistan münasibətləri hər kəsə məlumdur”.
K. Novruzov qeyd edib ki, Fransaya nota verilməsi düzgün addımdır:
“Ümumiyyətlə, hadisənin motivi ciddi araşdırılmalıdır. Əgər oxşar situasiyalar yenə təkrarlanarsa, adekvat addımlar atılmalıdır. Hansısa dövlətin və ya həmin dövlət daxilindəki qruplaşmaların xarici siyasi kursumuza təsir etməsinə imkan vermək olmaz”.
//Gülnarə Abasova, Editor.az

