Fransa nə etmək istəyir?- “Azərbaycana söz deməkdən başqa heç bir təsir imkanı yoxdur”backend

Fransa nə etmək istəyir?- “Azərbaycana söz deməkdən başqa heç bir təsir imkanı yoxdur”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Fransa Parlamentinin aşağı palatası – Milli Assambleya Azərbaycan əleyhinə bədnam qətnamə layihəsini müzakirəyə çıxarıb. 1 maddədən ibarət qətnamədə layihə müəllifləri “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Fransa hökumətini Aİ və ABŞ-la birgə fəaliyyət göstərməyə” çağırıblar.

Paralel olaraq Fransa hökumətindən “Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq məqsədi ilə Aİ səviyyəsində vahid mövqe nümayiş etdirilməsi üçün səyləri artırmaq” tələb olunur.

“Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsinin zəruri olduğu” vurğulanır.

Cəzasızlığa qarşı mübarizə üçün Ermənistanın Beynəlxalq cinayət məhkəməsinə müraciət etməsi təklif olunur.

Fransa hökumətindən “Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün səyləri artırmaq” tələb olunur.

Layihə müəllifləri Fransa hökumətini “Ermənistana humanitar yardımı artırmağa”, həmçinin “erməni dini və mədəni mirasının qorunması üçün bütün vasitələrdən istifadə etməyə” çağırıblar.

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Azər Qasımov bildirib ki, Aİ-nın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarının mahiyyətinə əsasən Fransa Parlamentinin aşağı palatasının bu qərarına qiymət vermək olar:

“Məsələ ondadır ki, əgər hesab etsək ki, Aİ sülh danışıqlarında tərəflərin mövqelərini nəzərə alıb, elan olunduğu kimi Azərbaycanın beş şərtini əsas götürürsə, onda Fransanın belə bir qərar almasına məqbul yanaşmaq olar. Amma, hesab etsək ki, sülh danışıqları Azərbaycan tərəfinin diktəsi ilə aparılır və bir müddət öncə sızdırılan xəbərlərə görə Azərbaycan tərəfi elan olunan şərtlərdən əlavə bir sıra tələblər də irəli sürür və Aİ da buna razı kimi görünür, bu zaman Fransanın danışıqlara daxil olmasında tək bir istək ola bilər, o da, Ermənistanı yalnız qoymamaq, onun bu tələblərə müqavimət göstərməsinə dəstək olmaq… Hesab edirəm ki, ikinci variant daha məntiqli ehtimaldır, çünki Paşinyanın Makronu danışıqlara ortaq etmək cəhdi bunu isbat edir. Əgər danışıqlar hamının qəbul edə biləcəyi beş şərt üzərindən aparılsaydı, böyük ehtimalla əlavə oyunçulara ehtiyac qalmazdı”.

Politoloqun fikrincə, Fransanın bu hərəkətləri təbii qarşılanmalıdır:

“Necə ki, Türkiyə bizim arxamızca dayanır, Fransa da Ermənistanın arxasında dayanır. Bunun üçün Fransaya müharibə elan etməyəcəyik. Özləri siyasətlərini öz istəkləri və maraqlarına görə qururlar. Fransa ilə danışıq aparıb onları fikirlərindən də döndərməyə çalışmaq mənasızdır. Biz imkanlarımızın bizə verəcəyi situasiyaya görə hərəkət etməliyik. Biz sülh müqaviləsi olmadan yaşamışıq, indi də yaşayarıq. Bunun yaradacağı problemi Ermənistan tərəfi düşünsün. Azərbaycan təklif etdiyi şərtlərdə haqlıdır və ona görə də Fransanın danışıqlarda iştirakından imtina etməməlidir. Fransanın edə biləcəyi yalnız Ermənistana zərər vurmaq olacaq. Azərbaycana isə söz deməkdən başqa heç bir təsir imkanı yoxdur”.

//Gülnarə Abasova, Editor.az