“Fransa-Rusiya münasibətlərinin gərginləşməsi, xüsusilə də Afrika məsələsində tərəflər arasında gərginliyin artması təsadüfi hal deyil”.
Bunu Editor.az-a politoloq Samir Hümbətov son vaxtlar Fransa-Rusiya münasibətlərinin daha da kəskinləşməsi və qarşılıqlı ittihamların artması fonunda Azərbaycan üçün müsbət prespektiv vəd edib-etməyəcəyi ilə bağlı suallarımızı cavablandırarkən deyib.

Onun sözlərinə görə, son 3-4 il ərzində Fransa təsiri altında olan Afrika ölkələri Rusiyanın təsir zonasına daxil olmağa başlayıb:
“Ona görə ki, rəsmi Moskva son 3-4 il ərzində Afrika ölkələrinə xüsusi fəallıqla yanaşır. “Vaqner” qrupunun Afrikada bir neçə hərbi kontingenti də formalaşdırılıb. Bu da o deməkdir ki, Rusiya həmin qruplar vasitəsilə özünü gücləndirməyə çalışır. Rəsmi Moskva bundan sonra öz milli ordusunu oraya yerləşdirəcək. Fransa isə ildə 500 milyard avro xərac topladığı Afrika ölkələrini əlindən çıxartmaq istəmir. Bunun üçün də tərəflər arasında gərginlik artmaqdadır. Niger və Rusiya arasındakı yaxınlıq tərəflərə nə dərəcədə müsbət təsir edəcəyi sual altındadır. Münasibətlərin yaxşılaşması rəsmi Moskvanın Afrikada möhkəmlənməsi üçün avantaj yaradır. Fransa-Rusiya münasibətlərinin kəskinləşməsinin Azərbaycana hər hansı təsirinin olacağını düşünmürəm. Ukrayna məsələsində də gərginlik yaşanmışdı. Lakin söhbət Qarabağ məsələsinə gəldikdə hər iki tərəf Ermənistana dəstək verir “.
//Safura Bənnayeva, Editor.az

