“Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”.
Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq qalırlar”, – nazirlikdən qeyd olunub.
Xatırladaq ki, sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Eyni zamanda rəsmi Bakı Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücum zamanı vurulan ziyanın ödənilməsini tələb edib.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Editor.az-a açıqlamasında bildirib ki, səfirliklər qarşısında aksiyaların keçirilməsi normaldır, lakin bu, qaydalara uyğun olmalıdır:
” Səfirliklər diplomatik toxunulmazlığa malikdir. Buna görə də onların təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunmalıdır. Bu, beynəlxalq öhdəlikdir. Ötən gün Fransada səfirliyimizə ermənilərin təşkil etdikləri hücum qəbuledilməzdir. Bununla bağlı rəsmi Bakı Fransaya haqlı olaraq nota verdi. Fransa da bu iradları qəbul edərək Azərbaycandan üzr istədi. Hesab edirəm ki, bir daha bu cür hallara yol verilməyəcək. İstisna deyil ki, rəsmi Bakı bu hadisədən sonra müxtəlif ölkələrdəki səfirliklərimizin təhlükəsizliklərinin daha ciddi və yüksək səviyyədə təmin olunması ilə bağlı təmsil olunduqları ölkələrin Xarici İşlər Nazirliklərinə müraciət edib. Bu cür halların yenidən təkrarlanması isə istisna deyil. Fransa polisinin həmin hadisədə bitərəf qalması ölkəsinin siyasətindən xəbər verir. Görünən odur ki, Fransa siyasi elitasının ermənipərəst meyilləri müxtəlif şəkildə özünü biruzə verməkdə davam edir”.
//Gülnarə Abasova, Editor.az

