Fransa və Ermənistan: bildiklərimiz və bilmədiklərimiz…backend

Fransa və Ermənistan: bildiklərimiz və bilmədiklərimiz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi uğurları, yeni yaratdığı reallıqlarla barışmayan qüvvələr sırasında liderlik edir. Prezidenti Emmanuel Makron isə Roma Papasından da artıq katolik olduğunu göstərir. Özünü ermənilərin himayədarı kimi göstərmək istəsə də, əslində, onların qəbirqazanı rolunda çıxış edir. Erməni xalqının revanşist qanadının öncülləri sırasında irəliləyir, onu yeni müsibətlərə hazırlayır.

Fransa ermənilərin qondarma iddialarını dəstəkləyir. Bəllidir ki, işğal illərində Ermənistana təzyiq imkanları kifayət qədər olmasına baxmayaraq susmağa üstünlük verdi. Baş verən ədalətsizliyi görməzdən gələrək Azərbaycanın haqq savaşına qarşı çıxır. Erməni təxribatlarını saxtalaşdırılmış şəkildə dünyaya tirajlayır və ermənilərin müdafiəsinə qalxır. Nəticədə Azərbaycan xalqının gözündə öz vasitəçilik hüququnu çoxdan itirib.

Yeri gəlmişkən, bu gün özünü dünyaya demokratik dövlət kimi sırımağa çalışan Fransa nədənsə yaxın tarixindən sual edildikdə susmağa və mövzudan qaçmağa çalışır. Halbuki, bu ölkəni xarakterizə etmək istədikdə dərhal bu sözlər yada düşür – işğalçılıq, müstəmləkəçilik və qərəz. Özünü kübar, mədəni cəmiyyət olaraq dünyaya təqdim edən Fransa bunları unudubsa onun yadına salaq. Fransalıların vəhşiliyi bu gün ən dəhşətli qatillərin etdiklərindən daha dəhşətlidir.  Fransanın yaxın tarixdə törətdiklərinin nəticəsini göz önünə gətirib, dünyanın müxtəlif yerlərində yaşatdıqlarını insanlığa qarşı törədilən ən ağır cinayət hesab etmək olar. Prezident Emmanuel Makronun babalarının Fransanın müstəmkələlərində törətdikləri bəşər tarixində görünməyib.

İllər əvvəl ayaq basdıqları yerlərə əvvəlcə mülayimcəsinə yanaşıb, onlara özlərini dost olaraq göstəriblər, içlərinə dalıblar, etibarlarını qazanıblar. Və yerini möhkəmləndirəndən sonra isə onlara acımadan divan tutub, soylarını qurudublar. Ən yaxşı halda isə kölə edib Fransanın kübar, imkanlı ailələrində qul kimi satıb, qabaqlarında heyvan kimi işlədiblər. Götürək elə onların Əlcəzairdə törətdiklərini- milyonlarla insanı qətlə yetirib soyqırımı törədiblər. Və yaxud Vyetnama nəzər salaq.   Vyetnam onilliklərlə Fransanın müstəmləkəsi olub. Həmin dövrdə Fransa vyetnamlılara qarşı böyük qəddarlıq nümayış etdirib. 1945-ci ildə Vyetnam xalqı Ho Şi Minin rəhbərliyi altında fransızlara qarşı hərbi mübarizəyə qalxıb və 9 il davam edən müharibə Vyetnam xalqının qələbəsi ilə nəticələnib. Müstəmləkəçilər fransızlar ilə vyetnamlılar arasında son dərəcə düşmən və ayrı-seçkilik siyasəti həyata keçirirdilər.

Fransız müstəmləkəçilər öz hakimiyyətlərini qorumaq məqsədilə “parçala və hökm sür” siyasətini həyata keçirirdilər. Bununla yanaşı, ədalət mühakiməsi sistemi tam olaraq fransızların maraqlarına xidmət edir, onların iştirakı ilə baş verən istənilən cinayətlər, o cümlədən yerli sakinlərin öldürülməsi barədə işlər üzrə qərarlar hər zaman fransızların xeyrinə verilirdi. Bununla yanaşı, on minlərlə vyetnamlı “qan vergisi” ödəyicisi olaraq Fransanın dünyanın müxtəlif yerlərində apardığı müharibələrə məcburi olaraq əsgər qismində cəlb olunurdu, buna etiraz edənlərin ailələrinə qarşı isə vəhşiliklər törədilirdi. Vyetnam xalqının “maarifləndirilməsi” prosesində fransızlar həbsxanalardan və qilyatinadan geniş istifadə edirdilər. Bu gün muzey kimi istifadə edilən Hanoy həbsxanasında nümayiş etdirilən fiqurlar müstəmləkə dövründə fransızlar tərəfindən vyetnamlılara qarşı tətbiq edilən işgəncələri nümayış etdirir.

İqtisadi cəhətdən Fransanı zənginləşdirmək üçün Vyetnamın təbii ehtiyatlarını istismar etmək məqsədilə fransız müstəmləkəçiləri Vyetnamda iki iqtisadi islahatları, daha doğrusu iqtisadi istismar layihələrini həyata keçiriblər. Birincisi 1897-1914-cü illərdə, digəri isə 1919-1929-cu illərdə həyata keçirilən bu proseslər Vyetnamın təbii ehtiyatlarının talan olunmasına, ölkə iqtisadiyyatının ağır duruma düşməsinə, əhali arasında aclığın və xəstəliklərin geniş yayılmasına gətirib çıxarmışdı. Ən yaxşı əkinçilik əraziləri müstəmləkəçilərin və onların tərəfdaşlarının əlində cəmləşmişdi və kəndlilərin əksəriyyəti aclığa məruz qalmışdı. İkinci Dünya müharibəsi zamanı taxıl anbarlarının düyü ilə dolu olmasına baxmayaraq, təxminən 2 milyon vyetnamlı aclıqdan ölüb.

Aşağıdakı mənbə 1930-1933-cü illərdə Fransız Hind-Çinindəki müstəmləkə repressiyası və vəhşiliklərə dair bir fransız hesabatındandır: “Bu yerli nümayişlərdən sonra baş verən isterik repressiya böyük qəddarlıqlara səbəb oldu. Kütləvi həbslər baş verdi və işgəncə, mətbuatın yazdığına görə, xüsusilə elektrik işgəncəsi tətbiq olunurdu. Andree Viollisin sözlərinə görə, cəza növlərinə qida məhdudiyyəti, bastinado (ayaq altına zərbələr), dırnaqların altına vurulmuş sancaqlar, yarım asma, sudan məhrum etmə, gözlərin çıxarılması və çap olunması mümkün olmayan digər üsullar daxil idi. Əsasən Xarici Legion və Müstəmləkə Legionundan olan piyadalar daha qəddar idilər. Vəhşiliyin izahı xoş deyil, vəhşiliyi açıqlamaq isə faydalı bir təbliğat növü deyil. Ancaq legionerlərdən bəzilərinin 1933-cü ilin iyununda Hanoydakı məhkəmə prosesində həddindən artıq qəddarlıq tətbiq etdikləri ifşa olunub”.

Bütün bunlara dözə bilməyən Vyetnam xalqı 1945-ci ildə fransız müstəmləkəçilərinə qarşı mübarizəyə qalxdı. Bu müharibə dövründə öncədən nümayiş etdirilən fransız amansızlığı daha da şiddətli hal almışdı. Buna baxmayaraq, Vyetnam xalqı 1954-cü ildə Dien Bien Fudakı qələbə ilə fransız müstəmləkəçiliyinə son qoydu.

Budur Fransanın tarixi. Digər millətlərin başına ağlasığmaz zülmlər gətirmiş, böyük haqsızlıqlar etmiş, milyonlarla insanları qətlə yetirmiş və bir çoxlarına zülm etmiş Fransanın bu gün təcavüzkar Ermənistanın tərəfini tutması, əlləri uşaq və qadınların qanına bulaşmış Ermənistan siyasətçilərinin istənilən bəyanatlarını Fransa rəsmiləri tərəfindən sözbəsöz təkrarlamaları yuxarıda qeyd olunan tarixi hadisələr nəzərə alınmaqla artıq təəccüblü gəlmir.


Milli.Az