Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)-Nikaraqua reysini həyata keçirərkən yanacaq doldurmaq üçün dayandığı Fransada 4 gün saxlanılan və sərnişinlərinin əksəriyyəti Hindistan vətəndaşları olan təyyarə Hindistanın Mumbay şəhərinə eniş edib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, sərnişinlərdən 25-nin sığınacaq üçün müraciət etdiyi üçün Fransada qaldığı, 2-nin isə insan alveri şübhəsi ilə dindirilmək üçün bu ölkədə qaldığı qeyd edilib.
Fransanın sözügedən təyyarənin dünən havaya qalxmasına icazə verdiyi bildirilib.
BƏƏ-nin Fujayra hava limanından havaya qalxan və təxminən 300 Hindistan vətəndaşını daşıyan Mərkəzi Amerika ölkəsi Nikaraquanın paytaxtı Manaquaya gedən Rumıniya əsilli Legend Airlines təyyarəsi, eniş etdiyi Fransa hava limanında insan qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb.
İstintaq çərçivəsində təyyarədə olan 2 sərnişinin saxlanıldığı bildirilib.
Legend Airlines-ın vəkilləri istintaq çərçivəsində təyyarənin 15 nəfərlik heyətinin dindirilərək sərbəst buraxıldığını açıqlayıb.
Sərnişinlər təyyarə eniş etdikdən sonra bir müddət təyyarədə saxlanılıb və daha sonra hava limanının sərnişin salonuna aparılıb. 4 gündür hava limanının sərnişin salonunda saxlanılan sərnişinlər arasında çoxlu sayda müşayiətsiz uşaqların olduğu bildirilib.
//Səbinə Hüseynli, Editor.az

