Fransada Baş nazir Sebastyen Lekornu hökumətinə qarşı irəli sürülən etimadsızlıq təklifi onuncu dəfə parlamentdə lazımi səs çoxluğunu toplaya bilməyib. Nəticədə hökumət Konstitusiyanın 49.3-cü maddəsindən istifadə edərək 2026-cı il dövlət büdcəsini qəbul etdirib.
Editor.az xəbər verir ki, Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada Baş nazir Sebastyen Lekornu hökumətinə qarşı təqdim edilən etimadsızlıq təklifi növbəti dəfə uğursuzluqla nəticələnib.
Sağçı Milli Birlik (National Rally) Partiyası tərəfindən irəli sürülən təklif cəmi 135 səs toplayıb. Halbuki təklifin qəbul olunması üçün ən azı 289 səs tələb edilirdi. Bununla da Lekornu hökuməti 2026-cı il dövlət büdcəsinin qüvvəyə minməsini təmin edib.
Qeyd edək ki, Fransa parlamenti siyasi partiyalar arasında mövcud fikir ayrılıqları səbəbindən 2026-cı il büdcə layihəsini 2025-ci ilin dekabr ayının sonunadək qəbul edə bilməmişdi. Bunun ardınca Prezident Emmanuel Makron, yeni büdcənin təsdiqlənməməsi halında dövlət qurumlarının maliyyələşdirilməsinin davamlılığını təmin etmək məqsədilə dekabr ayının sonunda xüsusi qanunu imzalamışdı. Büdcə ilə bağlı müzakirələr isə 2026-cı ilin yanvar ayında yenidən başlanıb.
Digər tərəfdən, Baş nazir Lekornu mübahisəli hesab edilən 2026-cı il büdcə layihəsini parlamentin səsverməsi olmadan qəbul etdirmək üçün Fransa Konstitusiyasının 49.3-cü maddəsini cümə günü işə salmışdı. Həmin maddə hökumətə parlamentin birbaşa razılığı olmadan qanun qəbul etməyə imkan verir.
//Gülnarə Abasova, Editor.az

