Fransada aprelin 24-də keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi namizədlərə qarşı təzyiqlər getdikcə artır. Paytaxt Parisdə tələbələrin Milli Birlik Partiyasının (MN) lideri Marin Le Pen və prezident Emmanuel Makrona etirazından sonra yeni insidentin görüntüləri qeydə alınıb.
Fransa prezidentliyinə namizəd, ifrat sağçı Milli Birlik Partiyasının (MN) lideri Marin Le Pen dünən Fransanın paytaxtı Parisdə xarici siyasətlə bağlı mətbuat konfransı keçirib. Görüş zamanı bir fəal Rusiya prezidenti Vladimir Putin və Le Penin ürəklə əhatə olunmuş şəklini göstərərək Le Penə etiraz edib. Fəal qadın mühafizəçilər tərəfindən yerə çırpılaraq zaldan zorla çıxarılıb.
Aktivist qrup olan İbiza kollektivinin üzvü qadın yaşananlardan sonra açıqlama verib.
“Biz sadəcə Marin Le Penin diplomatiyasının diktatorlara tərəf olduğunu göstərmək və Vladimir Putinə güclü partnyor kimi baxdığını göstərmək istədik. Hər şey çox tez baş verdi. Mühafizəçilərə qətiyyən müqavimət göstərmədim və onlar bunu gözləmirdi. Yıxılarkən başım yerə dəydi və hal-hazırda şiddətli ağrılarım var”,-deyə aktivist xanım bildirib.

