Fransa 2030-cu ilədək Avropada Rusiyadan qaynaqlanan təhlükə səbəbilə genişmiqyaslı müharibənin başlaya biləcəyini istisna etmir. Bu barədə ölkənin müdafiə və təhlükəsizlik sahəsində yenilənmiş strateji sənədi – “Milli Strateji Baxış – 2025” adlı doktrinada qeyd olunur.
Rəsmi sənəddə bildirilib ki, Fransanın 2030-cu ilə qədərki əsas hədəfləri ölkənin genişmiqyaslı müharibəyə maddi və mənəvi baxımdan hazırlanması, ordunun yenidən silahlandırılması və milli dayanıqlığın artırılmasıdır. Bu məqsədlə müdafiə xərclərinin artırılması tövsiyə olunur.
Sənəddə vurğulanır ki, Rusiyadan qaynaqlanan hibrid hücumlar və Fransanın mümkün silahlı münaqişəyə cəlb olunma riski görünməmiş səviyyəyə çatıb. Bununla belə, ölkə ərazisində ənənəvi (klasik) müharibənin baş vermə ehtimalının hələ ki aşağı olduğu da etiraf edilir.
Fransanın bu strategiyası Rusiyanın təcavüzkar siyasətindən doğan təhlükələrin Avropada təhlükəsizlik balansını pozduğuna dair artan narahatlığı əks etdirir.
//Samir Qurbanov, Editor.az

