“Azərbaycan Ordusu son 3 ildə Fransa Prezidenti Emmanuel Makronun yuxusuna əməlli-başlı haram qatıb. Bu, həmin oğulluğu özündən böyük olan Makrondur ki, II Qarabağ savaşında “Azərbaycan Dağlıq Qarabağda işğalçı müharibə aparır” deyirdi. Nəyə nail oldu? Sonunda Azərbaycan Ermənistanı darmadağın etdi, 27 illik torpaq həsrətimizə son qoydu, Makron və onun kimilər də gözlərini döyə-döyə qaldılar. Bundan əlavə, indiyə qədər bir neçə dəfə Azərbaycanın əleyhinə qətnamənin BMT Təhlükəsizlik Şurasında qəbul olunmasına Fransa cəhd etsə də, sonunda boynu-bükük şəkildə masadan ayrılan tərəf olub. Makron yatsa yuxusuna da girməzdi ki, Azərbaycan lokal antiterror tədbirləri ilə Xankəndi başda olmaqla, digər ərazilərimizdəki separatçı yuvanı heç 24 saat tamam olmamış darmadağın edəcək”.
Bunu Editor.az-a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Fransa Prezidenti Emmanuel Makronun “TF1” və “France 2” telekanallarına müsahibəsində Azərbaycanın Qarabağdakı antiterror tədbirlərinin nəticələri fonunda verdiyi bəyanatda “Biz bu gün Azərbaycanla bir olan Rusiyanı, Azərbaycanın hərəkətlərin daim dəstəkləyən Türkiyəni Ermənistanın sərhədlərinə təhdid olan sərhədsiz güc kimi görürük”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fransa artıq tam olaraq təlaş içərisindədir:
“Çünki durmadan Cənubi Qafqazda nüfuz sahibi olmaq xəyallarının puç olduğunu, əvəzində qardaş ölkənin bu regionda əsas güc mərkəzinə çevrildiyini yaxşı görür. Bu sırada Qafqazlarda nüfuzunu hələ də saxlayan Rusiyanı da görməmiş deyil. Açıqlamasında da başını itirmiş kimi görünür. Azərbaycanla bir olan Rusiyanın, hərəkətlərimizi daim dəstəkləyənin Türkiyə olduğunu deyir. Bu fikirlərin hamısı qardaş Türkiyəyə aiddir. Rusiya doğrudur, Azərbaycanın lokal antiterror tədbirlərində erməniləri, Fransanı şoka salan mövqelər sərgilədi. Amma unutmayaq ki, bu güc hər zaman öz dövlət maraqlarından çıxış edib və hələ də ermənipərəst mövqedədir. Sadəcə ortalığı qarışdıran Paşinyan iqtidarıdır. “Ayının min oyunu bir armudun başında” olduğu kimi, Rusiyanın bu mövqeləri də daha çox Paşinyan iqtidarının uzaqlaşdırılması ilə bağlı ola bilər. İstənilən halda Makron və digərlərinin “milçək vızıltıları”na baxmayaraq, son günlər yazdığımız tarixi davam etdirməliyik. Sonunda udan qaliblər olur, boş-boş danışanlar deyil”.
Siyasi şərhçi Fransanın təhriki ilə Ermənistanın Azərbaycana qarşı hər hansı bir təhlükə yarada biləcəyi yönündə verdiyimiz suala belə cavab verdi:
“Paşinyan son hadisələrdə Qarabağdakı erməni terrorçuları məsələsinin onlara heç bir aidiyyatının olmadığını bəyan etdi və bir növ onları qapı arxasında qoydu. O da yaxşı bilirdi ki, növbəti savaş Ermənistanın dünya xəritəsindən silinməsi ilə nəticələnə bilər. Ona görə də 30 ildən çoxdur dəstək verdikləri bir qondarma rejimi bircə saniyədə ortalıqda qoydu. Bundan sonra Ermənistanın hər hansı bir əməliyyat aparmaq gücü varmı? Əlbəttə, yox. Aparacaqlarsa, bu dəfə başlarına endirilən növbəti Dəmir Yumruqla ömürlük şikəst qalacaqlar. Sadəcə ara-sıra xain planları ilə müəyyən terror aktları həyata keçirə bilərlər. Burada da ehtiyatlı olmalıyıq, oluruq da. Sadəcə getdikləri yerləri minalayıblar, bu təhlükələr də yaxın zamanlarda tamamilə aradan qalxacaq. Qarabağ artıq asudə həyatına geri dönür. “Qarabağ Azərbaycandır” dedik, indi də “Xankəndi Azərbaycandır” deyirik! Allah bu sevinc hislərini bizə bəxş edən Azərbaycan Ordusunu qorusun”.
//Safura Bənnayeva, Editor.az

