“Fransa bütün istiqamətlərdə əlində olan imkanlardan istifadə edərək Azərbaycana qarşı addım atmağa cəhd göstərir. Dəfələrlə şahidi olmuşuq ki, rəsmi Paris BMT Təhlükəsizlik Şurası çərçivəsində Avropa Parlamentində, hətta öz palatalarında Azərbaycana qarşı mövqelər sərgiləyib. Təbii ki, bunun bir sıra ciddi əsasları var. Birinci səbəb ermənipərəst siyasətdən, erməni diasporunun Fransada güclü olmasından qaynaqlanır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, Fransanın antiAzərbaycan siyasəti İkinci Qarabağ müharibəsindən sonra daha çox özünü göstərdi:
“44 günlük müharibədə Azərbaycanın qazandığı Qələbə Fransanın planlarının pozulması deməkdir. Dünyada ayrı-ayrı münaqişələrdə Azərbaycanın haqqın tərəfini tutması ermənipərəst Fransanı qane etmir. Müstəmləkəçilik niyyətləri olan ölkələrlə mübarizə aparması onu daha da qıcıqlandırır”.
Politoloq son olaraq bildirir ki, Fransanın müstəmləkə həvəsi Azərbaycanı haqq yolundan döndərə bilməz və Azərbaycan öz ədalətli siyasətini beynəlxalq arenada nümayiş etdirməyə davam edəcək.
//Fidan İbrahimli, Editor.az

