“Fransanın apardığı antiAzərbaycan siyasəti nəticə verməyəcək”-ŞƏRHbackend

“Fransanın apardığı antiAzərbaycan siyasəti nəticə verməyəcək”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransanın həyata keçirdiyi antiAzərbaycan mövqeyi əslində onun neoimperialist iddiaları ilə bağlıdır”.

Bu sözləri Editor.az-a Fransanın həyata keçirdiyi antiAzərbaycan siyasətinə münasibət bildirərkən politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan illərlə Fransa dövlətinin Cənubi Qafqazla bağlı həyata keçirmək istədiyi planlara çox ciddi zərbələr vurub:

“44 günlük Vətən müharibəsi nəticəsində işğal faktının aradan qaldırılması, Azərbaycan ərazi bütövlüyü və dövlət suverenliyinin təmin edilməsi bir sıra güclərin, xüsusilə də Fransanın Ermənistan separatçılarını alət etməklə bölgəyə təsir etmək imkanlarını ciddi formada zəiflətdi. Bu mənada rəqibləri ilə müqayisədə özünün bölgə maraqlarını təhdid altında görən Fransanın bu davranışları, həm də özünün neoimperialist iddialarını təmin etmək uğrunda müqaviməti kimi də qiymətləndirilə bilər. Çünki Fransanın Cənubi Qafqazla bağlı maraqları son 5-10 il və ya Sovet İmperiyasının dağılmasından sonrakı vaxtlara təsadüf etmir”.

A.Əliyev qeyd edib ki, Fransa imperiyasının Cənubi Qafqazla bağlı siyasəti hələ 18-ci əsrin sonları 19-cu əsrin əvvəllərindən aparıcı rola sahib olmağa başlayırdı:

“Xüsusilə də ecazkar Şərq, Hindistanla quru əlaqələrinin qurulmasına və bu əlaqələr üzərində yollara nəzarəti öz əlində saxlamağa çalışan böyük güclər arasındakı mübarizədə Fransa məqsədi Cənubi Qafqazı nəzarətə götürmək və təsir imkanlarını genişləndirmək idi. Bu prosesdə ən mühüm əlaltılarından biri rolunda hər zaman bölgənin ayrı-ayrı dövlətlərində məskunlaşan erməni azlıqları çıxış edirdi. Biz bununla bağlı tarixin müxtəlif dövrlərində davamlı şəkildə Fransa və Avropanın digər imperiaları ilə yerli erməni icmasının nümayəndələri arasında təmsil olunduqları dövlətlərin maraqlarına ziddi, separatçı danışıqların şahidi olmuşuq. Bu da ermənilərin hər zaman kənar güclərin əlində alət olmağa hazır bir toplum olduğunu göstərir. Bunu çox yaxşı dərk edən Fransa da hər zaman özünün bölgə maraqlarını həyata keçirmək üçün Ermənistanı alət etməyə çalışıb.

Sovet İmperiyası dağıldıqdan sonra bölgədə sürətlə təsir imkanları zəifləyən Rusiyanın yerinə daxil olmağa çalışan güclərdən biri də məhz Fransa olub. Fransa dövləti erməniləri alət etməklə bölgəyə daxil olmağa çalışıb və biz bunun real nəticələrinə 30 il ərzində şahidlik etmişik. Fransa məhz erməni işğalına açıq şəkildə dəstək verən, eyni zamanda “vasitəçi” və ATƏT-də həmsədr rolunda çıxış edərək, bu işğalın əbədiliyinin təmin edilməsinə çalışan dövlət olub.

Bu gün də Ermənistan Fransa üçün yalnız alət rolunda çıxış edir. Ermənistanın düşdüyü hazırkı vəziyyət isə Fransanı narahat etmir. Əks təqdirdə isə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, investisiya qoyuluşlarını müşahidə edərdik.

Fransanın apardığı antiAzərbaycan siyasəti istədikləri nəticəni verməyəcək. Çünki 1990-cı illərdəki Azərbaycan artıq yoxdur. Hazırkı Azərbaycan dünyada öz sözünü demiş, nüfuz qazanmış və öz hesabına torpaqlarının suverenliyi və bütövlüyünü təmin etmiş bir ölkədir”.

//Səbinə Hüseynli, Editor.az