Fransanın beynəlxalq terrorizmlə əlaqələri: Kifayət qədər faktlar mövcuddurbackend

Fransanın beynəlxalq terrorizmlə əlaqələri: Kifayət qədər faktlar mövcuddur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa tarixə müstəmləkəçi, terrora dəstək verən ölkə kimi düşüb. Fransanın terrora dəstək verməsi ilə bağlı kifayət qədər faktlar mövcuddur. Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini D.Medvedevin bəyan etdiyi kimi, Moskvadakı terror aktının da arxasında Fransa və Makron durur.

Editor.az  xəbər verir ki, məsələ ilə Trend-ə açıqlama verən Milli Məclisin deputatı Elşən Musayev deyib ki, əgər Rusiyanın önəmli dövlət adamlarından biri olan Medvedev Moskvada törədilən terror aktı ilə bağlı birbaşa Fransanı və Makronu ittiham edirsə demək ki, nələrisə bilir, xüsusi və dəqiq məlumatlara malikdir, əlində yetərincə sübutlar, faktlar var.

“Əslində heç məlum ittihamla bağlı adamda şübhə də yaranmır. Çünki necə deyərlər, Fransanın kəramətinə bələdik. Üstəlik, ortalıqda tarixin, yaxın keçmişin presedentləri var və Fransanın beynəlxalq terrorizmlə əlaqələri də yenilik deyil. “ASALA”nın əsas ocaqlarından, məkanlarından biri hara olub? – Fransa! Suriyada fəaliyyət göstərən, “İŞİD”lə əlaqəli olan, onun əsas maliyyə mənbəyi hesab edilən, sonucda Türkiyə kəşfiyyatı tərəfindən ifşa və darmadağın edilən sement zavodu kimə aid olub? – Fransanın “Lafarge” şirkətinə! Afrikada terrorun simvoluna çevirilən ölkə hansıdır? – Fransa! Qarabağ ermənilərindən legion hazırlayan, onları Ukrayna cəbhəsinə göndərməyə çalışan və ən nəhayət: Rusiya-Ukrayna müharibəsinin əsas təşəbbüskarı olmaqdan qürur duyan provokator kimdir? – Yenə də Fransa!

Odur ki, terrorla nəfəs alan, terrordan qidalanan, terrorla yoğrulan bir dövlətdən, ələlxüsus da onun başçısından hər şey gözləmək olar”, – deyə E.Musayev bildirib.

O qeyd edib ki, Krokus Azərbaycan əsilli biznesmenə məxsusdur. Bunu da unutmayaq.

“Eyni zamanda bir məqamı nəzərə alaq ki, Fransa həm Rusiya, həm də Azərbaycanla qatı düşməndir.

Yəni, Medvedevin fikirləri tam şəkildə ciddiyə alınmalıdır. O elə-belə danışmır və ya nə danışdığını çox gözəl bilir”, – deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə Trend-ə açıqlamasında bildirib ki, ötən ay “Crocus City Hall” konsert zalında sivil insanlara qarşı terror aktının törədilməsi Rusiya kimi böyük bir dövlətdə nadir görünən hadisədir.

“Rusiya istər ərazi, istərsə də əhali baxımdan böyük olan digər dövlətlərdən məhz dincliyi ilə fərqlənir. Yüzlərlə başqa millətlərdən olan miqrantlara işləmək, yaşamaq üçün ikinci vətən olan Rusiya bəlkə də nadir dövlətlərdəndir ki, bu qədər müxtəlif millət sivil şəkildə yaşaya bilir. Ötən ay baş verən qanlı terror hadisəsi daxili deyil, birbaşa xarici qüvvələrin əliylə törədildiyi açıq-aşkardır.

Təbii ki, burada bir çox dövlətlərin, xüsusilə Fransanın adı yada düşür. Niyə məhz Fransa?! Çünki hazırda Cənubi Qafqazda Fransanın maraqlarına Ermənistanın əliylə regionda münaqişə yaratma cəhdinə maneə olan dövlətlərdən biri də Rusiyadır. Regionumuzda öz mənafeyindən irəli gələn və heç bir region dövlətinə də faydası olmayan bu siyasət Fransanı Rusiyaya qarşı qoyur. Fransanın hər zaman beynəlxalq terrorla xatırlandığı da faktdır.

Təkcə Afrikadakı terror əməllərini xatırlasaq kifayətdir. Uzun illər Ermənistandakı terrorçuları da məhz Fransa dəstəkləyib. Lakin Rusiya Fransanın çökdürə biləcəyi dövlətlərdən deyil. Bu səbəbdən də əgər Rusiya kəşfiyyatında belə bir məlumat varsa, mütləq ki, doğrudur və Fransa bunun cavabını da verməli olacaqdır. Paris hər zaman daxili ixtişaşları və qeyri-sabitliyi ilə gündəmdə olur. Ümumiyyətlə Qərbdə hələ də daxili sabitliyə nail olmayan, öz vətəndaşlarının maraqlarına hər zaman silahla, güclə cavab verən dövlət idarəçilərinin demokratiya və insan haqlarından ağızdolusu danışmaları gülünc vəziyyətdir. Fransa Cənubi Qafqazı və Rusiyanı Paris küçələriylə bərabər tutmamalıdır. Bizim regionda insanlar Qarabağ münaqişəsinin davam etdiyi 30 il müddətində belə Parisdən daha stabil və sivil yaşayıblar”, – deyə deputat əlavə edib.