Fransanın növbəti həyasızlığı: Azərbaycan hansı addımlar ata bilər?backend

Fransanın növbəti həyasızlığı: Azərbaycan hansı addımlar ata bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa senatında qondarma qurumun “spikerinin” və digər şəxslərin “ali qonaq” kimi qarşılanması bizə təəccüblü gəlmədi. Təəssüf ki, Fransa senatı keçən il qondarma qurumu tanıyıb. Ona görə də Fransa senatının nümayəndələrindən, eləcə də senatdan bundan artıq nəsə gözləmək mümkün deyil”.

BunuPublika.az-açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən oyuncaq “dqr hökumətinin” bəzi nümayəndələrinin Fransaya “işgüzar səfəri”nə onların orada “rəsmi” qonaq kimi qarşılanmasına münasibət bildirərkən deyib.

İlqar Vəlizadə bildirib ki, Fransa senatının nümayəndələri Azərbaycanın suveren ərazilərinə gələndə sanki başqa “ölkəyə” getdiklərini təsəvvür edirlər:

“Bununla yanaşı, Fransa dövləti qondarma qurumu tanımayıb. Rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Eyni zamanda, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Təkcə Azərbaycan yox, Fransanın rəsmi nümayəndələri onlara başa salmalıdırlar ki, bu səfər arzuolunan bir səfər deyil. Bu, Fransa dövlətinin nüfuzuna xələl gətirən bir səfərdir. Çox təəssüflər olsun ki, Fransanın diplomatları və rəsmi nümayəndələri bu cür “səfərlərin” qarşısını almırlar. Problem də bundadır. Müxtəlif insanlar bu haqda nə fikirləşirlərsə, onların özləri bilər. Amma dövlətin bu kimi məsələlərdə müəyyən funksiyaları var və həmin funksiyalar həyata keçirilməlidir. Tutaq ki, bizim hansısa qurumumuz Korsikanı dövlət kimi tanıyır, oradakı separatçılarla əlaqə qursaq, o zaman Fransanın rəsmi nümayəndələri bu məsələyə hansı qiyməti verərlər?! Onlar buna necə münasibət bəsləyəcəklər?! Ona görə də düşünürəm ki, bu cür səfərlərə görə biz rəsmi, diplomatik kanallarla münasibət bildirməli, bir daha məsələ qaldırmalıyıq. Bu, Azərbaycanın suverenliyinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, buna Fransanın rəsmi mövqeyinin pozulması kimi də baxmaq olar”.

“Azərbaycan bu cür səfərlərə görə, diplomatiyadan kənar addımlar da ata bilərmi”, – sualına cavabında ekspert bildirib ki, bəli, ata bilər: “Məsələn, biz bununla bağlı AŞPA-da məsələ qaldırmalıyıq. Avropa Şurası Parlament Assambleyası digər separatçı qurumlarla bağlı qəti qərarlar qəbul edib. Donbas, Ossetiya və digər separatçılarla bağlı qərarları göstərə bilərik. Amma bizim Qarabağ bölgəsi ilə bağlı nəinki susur, eyni zamanda, AŞPA özünün nüfuzlu oyunçularından birinin bizimlə bağlı qərəzli addımlarına qiymət vermir. Qarabağa Bakıdan icazə almadan səfər edən insanların AŞPA-nın üzvü olub-olmaması da araşdırılmalıdır. Əgər AŞPA-nın üzvüdürlərsə, onlar həmin qurumdan çıxarılmalıdır. Hətta onlar həmin quruma ayaq basmamalıdırlar. Çünki burada ümumi yanaşma olmalıdır. Bu qurumun müəyyən prinsiplər üzərində fəaliyyəti var. Qarabağa icazəsiz gedənlər həm də AŞPA-nın fəaliyyətini kobud şəkildə pozurlar”.