“Fransa bu silahları bağışlamaq yolu ilə Ermənistana verməyəcək”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Fransanın müdafiə naziri Sebastyan Lekornyunun açıqlamasında “Ermənistana imkan vermək lazımdır ki, öz mülki əhalisini qorusun və sərhədlərinin mühafizəsini təmin etsin. Biz İrəvanın fransız istehsalçılarından müəyyən sayda silah almasını rəsmiləşdirəcəyik. Xüsusən də Ermənistan səmasının qorunması üçün lazımi silahların verilməsinə dair bu ölkə ilə müqavilə imzalayacağıq”-deyə, səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin silahların alınması böyük vəsait tələb edir:”İqtisadiyyatı tənəzzülə uğramış, hərbi potensialı demək olar ki, yox olmuş bir dövlət üçün bu vəsait olduqca böyükdür. Bunu Ermənistan xalqı da yaxşı bilir. Rəsmi İrəvanın bu gün Fransa silahına ehtiyacı yoxdur. Hindistandan da silah almaq məsələsi gündəliyə çıxmışdı. Lakin hazırkı vəziyyətdə Ermənistan hərbiçiləri Fransa yaxud da Hindistan ordusu ilə hərbi təlimlər həyata keçirə bilər. Ancaq sözügedən ölkələrdən yeni texnikalar əldə etməsi real görünmür”.
Deputatın fikrincə, Qərbin əsas məqsədi nəyin hesabına olursa, olsun regionda Rusiyanı sıxışdırmaq, Türkiyəyə qarşı addımlar atmaq və müstəmləkə siyasətini həyata keçirməkdir:
“Bu prosesi də Ermənistanı özlərinə borclu hala salaraq reallaşdırırlar. Avropa Birliyinin rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsində, sülhün əldə olunmasında vasitəçi qismində çıxış etmək istəyir. Oktyabrın sonlarında tərəflər arasında görüş keçirilməsi ilə bağlı fikirlər səsləndirildiyi halda rəsmi Parisin belə bir addım atması siyasi gedişdir. Həqiqətə uyğun olmayan məlumatları Aİ-yə ötürməklə məşğul olan fransızlar bu gün də belə bir təxribata əl atırlar. Bu yanaşma ilə öz varlıqlarını və ermənilərə havadar qismində yanında olduqlarını göstərməyə çalışırlar”.
//Safura Bənnayeva, Editor.az

