“BMT TŞ üzvləri konkret qətnamə layihəsi ilə iddia qaldırmaqla onu müzakirə predmentinə çevirmək və qəbul olunmasında səlahiyyətlidir. Ermənistanın BMT TŞ-na müraciətindən fərqli olaraq bu dəfə məsələ konkret qətnamə layihəsindən gedir. Çünki Fransa TŞ-nın daimi üzvüdür və bununla bağlı onların hüquqi imkanı var ki, bu cür qətnamə layihələrini təqdim edib müzakirə predimentinə çevirərək konkret qərarlar qəbul etsinlər”.
Bunu Editor.az-a politoloq Natiq Miri “Le Figaro” nəşrinin məlumatına görə, Fransanın BMT Təhlükəsizlik Şurasına Qarabağla bağlı qətnamə təqdim etməyə hazırlaşması və Fransa Prezidenti Emmanuel Makronun “Le Point” nəşrinə müsahibəsində “Laçın dəhlizinin” açılması üçün təzyiqi davam etdirəcəklərini ifadə etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən qətnamənin qəbul edilməsi məsələsi inandırıcı deyil:
“Çünki TŞ-nın daimi üzvləri arasında ciddi rəqabət mövcuddur. Belə bir rəqabət Cənubi Qafqazda da var. Fransa hazırda Afrikadan qovulmuş vəziyyətdədir. Bunu konpensasiya etmək üçün rəsmi Parisin Cənubi Qafqazı seçməsi açıq hiss olunur. Bunun üçün də Rusiyanı sıxışdırmaq siyasətini yürüdür. Rəsmi Moskvanın Parisin təqdim edəcəyi qətnaməyə səs verəcəyini düşünmürəm. Hətta veto da qoya bilər”.
Politoloqun fikrincə, qətnamənin qəbul olunması üçün TŞ-nın 5 daimi üzvü və 4 qeyri-daimi üzvünün səsinə ehtiyac var:
“Məsələnin hüquqi tərəfi də var. Qətnamə layihəsində Fransanın bütün iddialarına rəğmən beynəlxalq hüquqa, Azərbaycanın konstitusiyasına uyğun olmayan bəzi məqamlar da yer alacaq. Ötən ilin dekabr ayında Fransanın BMT TŞ-na verdiyi qətnamə layihəsini nümunə göstərə bilərik. Orada Azərbaycan və onu dəstəkləyən bir sıra ölkələr beynəlxalq hüquqdan çıxış edərək Fransanın iddialarının yalnız rəsmi Bakının ərazi bütövlüyü və suverenliyi çərçivəsində qəbul edilə biləcəyini iddia etdilər. Bu da ondan xəbər verir ki, həmin qətnamə layihəsinin mətnində ciddi dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklər isə Qarabağın Azərbaycan ərazisi olduğu və Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasının legitimliyini ortaya qoyurdu. Bu həqiqəti görən Fransa nəinki qətnamə layihəsinin dəyişdirilmiş mətninin səsverməyə buraxılmasına imkan verdi, hətta bu layihəni geri götürmək məcburiyyətində qaldı “.
Natiq Miri indiki vəziyyətdə məsələnin Laçın yolunun açılması və “humanitar böhran”dan getdiyini vurğulayır:
Bunun üçün də hüquqi əsaslar olmalıdır. Beynəlxalq hüquqa görə Laçın yolu da daxil olmaqla bütövlükdə Qarabağ Azərbaycan ərazisidir. “Aclıq” və “humanitar böhran” kimi fikirlər səsləndirilir. Halbuki Azərbaycan öz ərazisindən bu qida təchizat yolunu təqdim etdiyi halda Qarabağdakı quldur, separat rejimi bundan imtina edib, yolu beton piltələrlə bağlayır. TŞ-nın daimi və qeyri-daimi üzvləri arasında rəsmi Bakının sözünü deyəcək ölkələr də var. Fransa növbəti dəfə Azərbaycana təzyiq etmək istəyir ki, rəsmi Bakı geri çəkilsin, Laçın yolu “su yoluna” çevrilsin ki, Qarabağdakı separatçı rejimə hər cür silah-sursat ,hərbi texnika sərbəst şəkildə verilsin. Məsələnin mahiyyəti də budur. Lakin baş tutacağına inanmıram “.
Politoloq son olaraq qətnamənin qəbul olunması ehtimalına da toxunub:
“Qətnamə qəbul olunsa belə bunun Azərbaycan üçün heç bir keçərliliyi olmayacaq. Çünki istənilən şəkildə bu qətnamənin qəbulu beynəlxalq hüquqa daban-dabana ziddir. Bu da BMT-nin imicinə ciddi zərbədir. Azərbaycanın qəbul etmədiyi istənilən qətnamə regionda yeni hərbi toqquşmaya yol açacaq. Beləliklə BMT sülhə deyil, müharibəyə yol açan bir təşkilata çevrilir. Fransa Ermənistanı dəstəklədiyi və Azərbaycana təzyiq mexanizmi yaratdığı ilə bağlı görüntü formalaşdırır “.
//Safura Bənnayeva, Editor.az

