Federal Təhqiqatlar Bürosu (FTB) Pensilvaniya ştatında ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsdi mümkün daxili terror aktı kimi qiymətləndirir və hadisə kəşfiyyat orqanları tərəfindən də qətl cəhdi kimi araşdırılır.
Editor.az “Hill”-ə istinadla xəbər verir ki, bunu FTB-nin Milli Təhlükəsizlik İdarəsinin direktor müavini Robert Uells bildirib.
“Biz bunu adam öldürməyə cəhd kimi araşdırırıq. Bu, mümkün daxili terror aktıdır”, – o vurğulayıb. Uellsin sözlərinə görə, ABŞ kəşfiyyat orqanları hücumçunun məqsədini müəyyən etməyə çalışır.
Bundan əvvəl MKİ-nin keçmiş analitiki Larri Conson demişdi ki, Amerika kəşfiyyatçıları Trampın mitinqində öz vəzifələrini yerinə yetirə bilməyiblər. O qeyd edib ki, Məxfi Xidmət əməkdaşları potensial atəş xətlərini axtarmaq üçün insidentdən əvvəl ərazini araşdırmalı idilər. Snayperlərin işinə mane olmaq üçün bu xətlərə silahlı mühafizəçilər qoyulmalı idi, lakin bunu heç kim etmədi.
Qeyd edək ki, Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, sonra qulağı qanamış vəziyyətdə səhnədən götürülüb və xəstəxanaya aparılıb. Tramp müalicəsindən sonra xəstəxanadan buraxılıb. Hücum edən şəxs öldürülüb və şəxsiyyəti müəyyən edilib. FTB-nin məlumatına görə, həmin şəxs Pensilvaniya ştatından olan 20 yaşlı Tomas Metyu Kruksdur. New York Post mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnədən təxminən 400 fut aralıda yerləşən istehsal müəssisəsinin damından atəş açıb.
//Gülnarə Abasova, Editor.az