Azərabycanda “CNN Türk” telekanalının jurnalisti, İkinci Qarabağ müharibəsi zamanı müharibə ilə bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynamış Fulya Öztürk haqqında sənədli film çəkilməsi geniş müzakirələrə səbəb oldu.
Onun haqqında filmin çəkilməsi Azərbaycanda bir neçə jurnalist tərəfindən tənqidlə qarşılaşıb. Tanınmış jurnalist haqda film çəkilməsini dəstəkləyənlər və tənqid edənlər arasında “qarşıdurma” yarandı.
Editor.az xəbər verir ki, prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) də F.Öztürkün müdafiəsinə qalxıb.
Sosial şəbəkə hesabında bu haqda yazan Tolik onun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:
“Mən şəxsən bu xanıma çox böyük hörmət bəsləyirəm. İkinci vətən müharibəsində Gəncə terrorunda onun gözü yaşlı canlı bağlantıların izləyərkən, anladım ki, elə insanlar ki, onların qanında insanlığa, vətənə sevgi mütləq olmalıdır”.
Tolik jurnalistə hətta fəxri ad verilməsini də məsləhət görüb:
“Fulya Öztürk Azərbaycanda sinəsinə döyüb mənəm-mənəm deyən bəzi tanınmışlardan və dünyada yaşayan azərbaycanlı tanınmışlardan, elə uzağa getməyək Türkiyədə olan məşhurlarımızdan fərqli olaraq təkcə reportaj etməklə deyil, Azərbaycana qarşı olunan haqsızlığı öz “İnstagram” hesabında paylaşaraq, dünyaya çatdırmaqdan çəkinmədi. Bugünkü günün Fulyası illər öncə qürurla andığımız Salatın Əsgərovamızdır. Bu xanıma nəinki film, Azərbaycanın fəxri adlarından verilməlidir”.
Qeyd edək ki, “Fulya” adlı filmdə Fulya Öztürkün və kamera operatorunun çəkdiyi, yayımlanmamış 11 saatlıq video materiallardan istifadə ediləcək. Çəkilişlər İstanbulda “CNN Türk”də başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək, Şuşada yekunlaşacaq.

