“Füzuli və Zəngilan kimi ən çox minalanmış ərazilərin xəritəsini əldə etmək böyük uğurdur” – RƏYbackend

“Füzuli və Zəngilan kimi ən çox minalanmış ərazilərin xəritəsini əldə etmək böyük uğurdur” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mina xəritələrinin alınması regionlardakı infrastruktur layihələrinin daha sürətlə həyata keçirilməsinə şərait yaradacaq”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistanın Füzuli və Zəngilan ərazilərində minalanmış ərazilərin xəritələrini qaytarması Prezident İlham Əliyevin diplomatik məharətinin nəticəsidir: “İşğaldan azad edilmiş Ağdam rayonundan sonra Füzuli və Zəngilan kimi ən çox minalanmış ərazilərin xəritəsini təhvil almaq böyük uğurdur. Prezidentin də qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərdə, hətta 6 qat mina basdırılmış  ərazilər var. Görünür, ermənilər bunu etməklə müdafiə xətti qurmağa çalışıblar. Lakin elə ərazilər də var ki, ermənilər ora minaları son günlərdə tələsik basdırıb çıxıblar. Əllərində olan bütün partlayıcıları hara gəldi basdırıblar. Yəni, ermənilərin verdiyi bu minalanmış ərazilərin xəritələrinə tam güvənmək olmaz. Baxmayaraq ki, Azərbaycan tərəfi elə ilk günlərdən etibarən minalardan təmizləmə əməliyyatını davam etdirir, istənilən halda, bu, Qarabağa qayıdış prosesini sürətləndirəcək. Yeri gəlmişkən, Füzuli ən böyük infrastruktur layihələrinin həyata keçirildiyi ərazilərdəndir. Mina xəritələrinin alınması, həmçinin regionlardakı infrastruktur layihələrinin daha sürətlə həyata keçirilməsinə şərait yaradacaq. Ümid edirik ki, növbəti aylarda digər rayonların da minalanmış ərazilərinin xəritəsi Azərbaycana təhvil verilər və Ermənistan bu hərbi cinayətinə son qoyar”.

Qeyd: İyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.