İSTİQAMƏT: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;
Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən istənilən tədbirlərdə gəncliyin rolu getdikcə artmaqdadır. Biz bunun İkinci Qarabağ müharibəsində də şahidi olduq. Döyüşlərdə ön sıralarda qorxmadan vuruşan, arxa cəbhədə informasiya savaşında dayanmadan düşmənlə mübarizə aparan cəmiyyətin ən aktiv təbəqəsi elə məhz gənclər oldu. Beləliklə, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu.
Editor.az cəmiyyətimizin inkişafında gəncliyin rolu və Vətən müharibəsindəki fəaliyyəti ilə bağlı Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənovla müzakirə aparıb.
TGT sədri ulu öndər Heydər Əliyevin “Gənclər bir ölkənin gələcəyidir” sözlərinə diqqət çəkib:
” Elə məhz bu sözə əsasən deyə bilərik ki, gənclərimiz ölkənin “görən gözü”, “danışan dili”dir. Bizim gənclərimiz sağlam əhatəli, düşüncəli yetişməkdədir. Gənclərimizin özü müxtəlif bacarıqları, qabiliyyətləri ilə Azərbaycanın ucalan adını daha da ucaltmaqdadır. Bəs bir gənc yalnız bacarıqları ilə ölkəsini işıqlandırır? Xeyr, onlar həm də vətənpərvər olmalı, dövlətinin tarixini, keçmişini, ata-babalarının kim olduğunu bilməlidir. Bunun üçün məktəblərdə, universitetlərdə bir sıra tədbirlər keçirilir. Cənab Prezident İlham Əliyev dəfələrlə bu istiqamətdə sərəncamlar qəbul etmişdir. Nəinki Bakı Dövlət Universiteti eyni zamanda, Azərbaycan universitet tələbələrinin hər biri müharibə vaxtında da, sonra da necə Vətənə bağlı olduqlarını bildirdilər. Gənclərin həm düşmən qarşısında cəbhə bölgəsində, həm də virtual mübarizəsi danılmazdır. Vətənpərvərlik hissi tələbələrə, gənclərə, şagirdlərə valideyinlər, müəllimlər tərəfindən aşılanmalı, öyrədilməlidir. Düşünürəm ki, 44 günlük Vətən müharibəsində neçə-neçə gənclərimizin içində bu atəş alovlandı”.
Gəncimiz Tələbə Gənclər Təşkilatının gəncliyə verdiyi bir çox müsbət tərəflərə də toxunub:
” Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının çətir təşkilatıdır. İttifaqın əsas missiyası əhatə olunan gənclərin təhsildən kənar həyatının qeyri-formal təhsilin müxtəlif formalarını təşviq edərək təşkili, dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olan gənclər siyasətinin icrasında tələbə gənclərin rolunu stimullaşdırmaqdır. Məhz bu istiqamətdə tələbə gənclərin hərtərəfli inkişafı üçün atılan addımlar, keçirilən silsilə və iri kütləvi layihələr onlarda liderlik, idarəetmə bacarıqlarını artırmaqla yanaşı vətənpərvər ruhda yetişmələri, ölkəyə faydalı bir gənc kimi formalaşmaları istiqamətində də əvəzsiz töhfələr verir. ATGTİ tərəfindən tələbələrlə işin təşkilində sistematik və müəyyən edilmiş xəttlər üzrə fəaliyyətin göstərilməsi üçün müxtəlif proqramlar təşkil edilmişdir. Proqramların əsas məqsədi fəaliyyətin koordinasiyası və təşkilində pərakəndəliyin aradan qaldırılmasıdır. Bu xüsusda ali və orta təhsil müəssisələrindəki tələbələrin asudə vaxtlarının səmərəli təşkili, respublika üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən tələbə klublarının şəbəkələşməsi, tələbə məsələlərinin araşdırılması – müraciət, təklif və iradların aidiyyatı üzrə yönləndirilməsi prosesini mərkəzləşdirilmiş formada aparılması, tələbələrə karyera planlaması istiqamətində dəstək olunması, Azərbaycanda vahid BMT Modeli klubları şəbəkəsinin yaradılması və tələbələrin idman oyunlarında əylənərək iştirakının təmin olunması kimi məqsədləri hədəfləyən proqramlar çərçivəsində işlər görülür. Tələbələrlə İttifaq arasında körpü rolunu oynayan TGT-lər olaraq biz də icra olunan proqramlarda aktiv fəaliyyətimiz ilə seçilərək tələbələrin ictimai-sosial həyatda fəal iştirakçılığını təmin etməyə çalışırıq. Gənclərə bundan başqa çoxlu imkanlar da yaradılıb. Kitabxanalar, özünü inkişaf şansı, bu kimi şansları dəyərləndirmək üçün gəncin sağlam böyüməsi şərtdir. Bunun üçün dövlət yetəri qədər vəsait ayırır, gənclərin qayğısına qalır”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.