Gələn həftə NATO son onilliklərin ən böyük təlimi olan “Steadfast Defender 2024”ə başlayacaq.
Editor.az xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı Kristofer Kavoli bildirib . May ayına qədər davam edəcək təlimlərdə təxminən 90 min hərbçi iştirak edəcək.
Təlimlər Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. NATO-nun milli müdafiə rəislərinin iki günlük iclasından sonra Brüsseldə jurnalistlərə açıqlamasında baş komandan bunları deyib: “Alyans Şimali Amerikadan qüvvələrin transatlantik transferi vasitəsilə Avro-Atlantik məkanı gücləndirmək qabiliyyətini nümayiş etdirəcək”. Onun sözlərinə görə, təlimlərdə NATO ölkələrinin silahlı qüvvələri ilə yanaşı, İsveç hərbi qulluqçuları da iştirak edəcək.
Bundan əvvəl Şimali Atlantika Alyansının hərbi komitəsinin rəhbəri Rob Bauer izah edib ki, “Steadfast Defender 2024” təlimləri Rusiyanın NATO-nun şərq cinahında mümkün hücumunun qarşısının alınması məqsədi daşıyır. “Financial Times” planlaşdırılmış təlimi Soyuq Müharibədən bəri ən böyük təlim adlandırıb.
Nəşrin mənbələri iddia edir ki, NATO hərbçiləri təlimlər zamanı 500-700 uçuş həyata keçirəcək. Təlimlərdə ən azı 50 döyüş gəmisi iştirak edəcək.
//Samir Qurbanov, Editor.az

