“Gənc jurnalistlərin Mətbuat Şurasının İdarə Heyətində təmsil olunması onların haqlarıdır”- Azər Ayxanbackend

“Gənc jurnalistlərin Mətbuat Şurasının İdarə Heyətində təmsil olunması onların haqlarıdır”- Azər Ayxan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mətbuat Şurasının son 20 illik fəaliyyətini qiymətləndirmək həm asandır, həm də çox çətindir. Çünki Şuranın fəaliyyətinin mühüm bir mərhələsi Azərbaycanda ictimai-siyasi vəziyyətin son dərəcə gərgin olduğu, kütləvi aksiyalar zamanı jurnalistlərin müxtəlif təziqlərə məruz qaldığı dövrlərə təsadüf edir. O zamanlar vəziyyət həddən artıq gərgin idi. Aksiyaları işıqlandıran zaman istər-istəməz polislə aksiyaçılar arasında qalan jurnalistlər ciddi şəkildə zədələr alır, fiziki təziqlərə məruz qalırdı. O dövrdə Mətbuat Şurasının rəhbərliyi bu məsələlərə xüsusi həssaslıqla yanaşırdı. Mətbuat Şurası hər zaman rəsmi qurumlarla mətbuat arasında körpü rolunu oynamağa çalışıb”.

Bu sözləri Editor.az-a açıqlamasında Əməkdar jurnalist Azər Ayxan deyib. Tanınmış jurnalist bildirib ki, Mətbuat Şurası istər jurnalistlərin kütləvi aksiyalar zamanı təziqə məruz qalması, istər qəzetlərin ayrı-ayrı məmurlar, qurumlar tərəfindən məhkəmələrə verilməsi prosesində münasibətlərin məhkəmələrsiz aydınlaşdırılmasını həyata keçirən quruma çevrildi: “Hər hansı dövlət qurumu, iş adamı hər hansı media qurumunu məhkəməyə vermədən öncə Mətbuat Şurasına müraciət edirdi. Qarşı tərəf hər hansı qəzetin, media qurumunun onun işgüzar nüfuzunu zədələndiyini iddia edir, öz arqumentlərini təqdim edirdi. Daha sonra Mətbuat Şurası İdarə Heyəti üzvləri  və həmin media qurumunun təmsilçisinin iştirakı ilə məsələ müzakirəyə çıxarılırdı. Əksər vaxtlarda iş məhkəməyə getmədən tərəflər arasında barış əldə edilirdi. Mətbuat Şurasının bu cür yeniliklər tətbiq etməsi jurnalistlərin, qəzetlərin məhkəmələrdə cərimələnməsinin qarşısını almaqda böyük rolu oynadı. Bu danılmaz faktdır. O dövrdəki siyasi vəziyyəti nəzərə alsaq, istər sədr kimi Əflatun Amaşovun, istərsə də təşkilat kimi Mətbuat Şurasının fəaliyyətini bundan artıq təşkil etmək mümkün deyildi”.

Azər Ayxan Mətbuat Şurasının rəhbərliyinin dəyişiləcəyi ilə bağlı fikirlərə də münasibət açıqlayıb: “Bu da kifayət qədər normaldır. Əflatun Amaşov 20 il fəaliyyət göstərmiş sədrdir. Həm sədrin, həm də İdarə Heyətinin üzvlərinin yenilənməsinə mütləq ehtiyac var. Bu yenilənmə həm Mətbuat Şurasının fəaliyyətini, həm də bütün mətbuatın durumunu stimullaşdıracaq, müəyyən ətalətdən çıxaracaq. Etiraf etməliyik ki, son dövrlərdə Mətbuat Şurasının fəaliyyətində ətalət müşahidə olunur. Bu hal 2019-cu ildən bu yana özünü daha qabarıq göstərir. Gənclərin bu qurumun İdarə Heyətində təmsil olunması məsələsi çox gözəl təşəbbüsdür. Bunu dəstəkləyirəm. Gənc jurnalistlər əslində 30-40 yaş aralığındadır. Amma onlarda təcrübəlidir, sahələrini gözəl bilirlər. İdarə Heyətində təmsil olunmaq onların haqlarıdır. Bu proses öz müsbət təsirini göstərəcək”.

//Gülnarə Abasova, Editor.az