Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Son günlər azyaşlılar, əsasən də şagirdlər arasında bıçaqlanma, qətl hadisələrinin sayı artır. Az qala hər gün, məktəblərdə bıçaqlanma halı ilə bağlı xəbərlər çıxır. Bu vəziyyət ictimaiyyətdə də müəyyən narahatlıqların artmasına səbəb olur. Bəzən valideynlər məktəbləri, bəzən də əksinə müəllimlər valideynləri sözügedən proseslərin baş verməsində günahkar görür. Bir sözlə tərəflər məsuliyyəti öz üzərilərindən atmağa çalışırlar.
Maraqlıdır, bu vəziyyətin əsasında nə dayana bilər? Ümumiyyətlə, məktəblilər məktəbə hansı əşyanı gətirirlər deyə nəzarət olunmurmu? Bunun qarşısını necə almaq olar?
Editor.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, günbəgün özbaşınalıqların sayı artmaqdadır:
“Sosial şəbəkələrdə bu kimi halların şahidi oluruq. Bu prosesdən bəzən valideynləri, bəzən isə müəllimləri hətta zamanı da günahlandırırıq. Lakin hər şey insanın özündən asılıdır. Uşaqlarımıza az yaşlarından etibarən mərhəmət duyğusunu aşılamalıyıq. Biz bunu etmədiyimiz üçün indi sözügedən proseslərlə qarşılaşırıq. Uşaqlar evdə gördüyü rəftarı,davranışı cəmiyyətə daşıyır. Travmalı, natamam ailələrdə böyümüş uşaqlarda bu cür hallarla daha çox qarşılaşırıq. Heç məktəblərdə də əvvəlki qaydalar tətbiq olunmur. Müəllimlər məktəblərə əməkhaqqı almağa gəlirlər. Repititorluqla məşğul olduqları üçün dərslərə də böyük diqqət ayırmırlar. Ona görə də müəllimlər iki seçimdən birini etməlidirlər ya məktəbdə dərs deməli, ya da repititor olmalıdırlar. Bir çox ölkələrdə bu proses belə olur.
Xaos yaşanan məktblərdə bəzən rəhbərlik öz imici üçün belə halları ört-basdır etməyə çalışır”.
Psixoloqun sözlərinə görə, belə halların çoxalması, insanlar üçün cinayəti adiləşdirməyə başlayıb:
“Bir gənc əgər məktəbə gedib-gəlmirsə, onu bir müddətdən sonra ya məktəbdən azad etmək, ya da çətin tərbiyə olunan uşaqların məktəbinə yerləşdirmək lazımdır ki, orada təhsilini davam etdirsin. Öz güvəni aşağı olan gənclər bıçağa əl atır. Özünü sözlə təsdiq edə bilmir və müəyyən problemlər ortaya çıxır. O da problemin həllini bu yollara əl atmaqda görür. Məktəb psixoloqları da aktiv şəkildə öz işlərinin öhdəsindən gəlməyi bacarmalıdırlar. Kənar işlərlə məşğul olmamalıdırlar”.
Sosioloq Lalə Mehralı isə məsələyə belə münasibət bildirib:
“Bu son günlərin deyil əslində bir neçə ilin ümumiləşmiş problemidir. Aparılan müşahidələrə görə, pandemiyadan sonra məktəbə qayıdan məktəblilər artıq əvvəlki kimi deyildilər. Sosiallaşmanın azalması insanlar arasında ciddi deformasiyaların yaranmasına səbəb oldu. Belə ki, hər kəs bir-biri ilə canlı ünsüyyət qurmaq əvəzinə telefonlara üstünlük verməyə başlayıb. Məktəblilərin bir-birinə zərər verməsi isə yaşadıqları psixoloji durumla əlaqədardır. İnsanı insan edən sosiallaşma və digər insanlarla normal ünsiyyətin qurulmasıdır. İnsanı sağlam yaxud xəstə edən onun psixologiyasından asılıdır. Məktəblərdə yaşanan bu problemlər insanların ən saf dövrlərində belə başqalarına zərər verəcək durumda olduğundan xəbər verir. Əvvəllər uşaqlar bir-biriləri ilə dava etdikdən bir gün sonra normal deyib-gülməyə davam edirdilər. Amma indi vəziyyət belə deyil. Nəticədə tez-tez bu kimi problemlərlə qarşılaşmalı oluruq”.
Sosioloqun sözlərinə görə, belə məsələlər valideynlər və müəllimlər arasında kontaktın zəif olmasından qaynaqlanır:
“Müəllimlər və valideynlər yalnız telefon vasitəsilə bir-biri ilə əlaqə saxlayır. Bəzi valideynlər də məsuliyyətdən qaçmaq üçün bütün problemləri məktəbin üzərinə atır. Amma şagirdlər təxminən 6-7 saat məktəbdə olur. Qalan vaxtı ailələrinin yanında olurlar. Ona görə məsələnin kökü dəqiq araşdırılmalıdır”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.