Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Gənclər Evinin təşkilatçılığı ilə Gəncənin fəal gəncləri “Hərbi Qənimətlər Parkı”nı ziyarət ediblər.
Editor.az xəbər verir ki, ziyarət zamanı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov gənclərlə birgə “44 günlük Vətən müharibəsi”ndə qazanılmış qələbə nəticəsində əldə olunmuş hərbi qənimətlərlə parkın bələdçisinin iştirakı ilə tanış olmuşdurlar.
“Hərbi Qənimətlər Parkı” Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədi ilə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə yaradılmışdır.
Bu park Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirən bir mesajdır, həm də, Ermənistana növbəti “Dəmir yumruq” xəbərdarlığıdır.


