Gəncədə “2 fevral Azərbaycan Gəncləri Günü”nün təsis olunmasının 25 illiyi təntənə ilə qeyd olundu
Editor.az xəbər verir ki, tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanılmış, daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək “2 fevral Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə bütün gəncləri təbrik etmiş və onlara uğurlar arzulamışdır.
Daha sonra çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov 2021-ci il ərzində Baş İdarənin gənclər sahəsində gördüyü işlər haqqında hesabat xarakterli çıxış etmiş, il ərzində Baş İdarə tərəfindən keçirilən tədbirlər haqqında geniş məlumat vermişdir. 2021-ci il ərzində Gənclərlə iş sahəsi üzrə 91 tədbirin keçirildiyini və bu tədbirlərdə 5000-dən artıq gəncin iştirak etdiyini qeyd etmişdir. Çıxışının sonunda Baş İdarə rəisi gəncləri təbrik edərək, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır. Sonra Baş İdarənin gənclər sahəsi üzrə il ərzində həyata keçirdiyi tədbirlərin videoroliki təqdim olunmuşdur.
Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və Gürcüstanın Gəncədəki Baş Konsulu Nikoloz İaşvili çıxış edərək, gəncləri təbrik etmiş və onlara uğurlar arzulamış, gələcəyimizin gənclərin əlində olduğunu qeyd etmişlər.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində şəhərin ictimai həyatında fəal iştirakına görə və “2 fevral Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə bir sıra gənclər Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Gənclər adından çıxış edən Mobil Qarayev göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz minnətdarlığını bildirmiş və özlərini bundan sonrada inkişaf etdirərək dövlətimiz üçün layiqli və lazımlı gənc olacaqlarını söyləmişdir.
Daha sonra gənclər adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb.Tədbirin sonunda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.



