Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının 9911 nömrəli hərbi hissəsində təntənəli “Şahin” hərbi-idman oyunu üzrə V zona birinciliyi keçirilib.
Covid-19 pandemiyası ilə bağlı uzun fasilədən sonra, 44 günlük Vətən müharibəsində qalib gəlmiş xalqın gənclərinin iştirakı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq, 27 aprel 2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyunu üzrə V zona mərhələsi baş tutub.
Yarışın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının 9911 nömrəli hərbi hissəsinin komandiri polkovnik Azər Əliyev və Vətən müharibəsi iştirakçısı Tural Xanəliyev çıxış edərək, “Şahin” hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olduğunu, ordu sıralarında xidmətə hazırlıqda bu yarışın böyük rolunu qeyd etmişlər və yarışın iştirakçılarına uğurlar arzulamışlar. Həmçinin tədbirdə çıxış edən natiqlərlə yanaşı Vətən müharibəsi iştirakçısı, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Rüstəmov və Abbas Mikayılov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Müfəttişlik şöbəsinin rəisi polkovnik Amil Alcanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin rəisi polkovnik-leytenant Anar Kazımov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi Asif Məmmədli, Gəncə Şəhər Statistika İdarəsinin rəisi Elşən Məmmədov, Goranboy Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov, Kəlbəcər Rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Mamedov,
Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev,Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Gəncə Şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat-Məktəbinin direktoru Asif Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
“Şahin” hərbi-idman oyununun zona mərhələsində Göygöl, Samux, Şəmkir, Qazax, Ağsatafa, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Kəlbəcər, Oğuz komandaları iştirak edib.
Hərbi-idman tədbirində məktəblilərin 5 mərhələdə sıra, mülki müdafiə, fiziki hazırlıqları, maneələrin dəf olunması və komanda qərargahı çadırının qurulması üzrə bacarıqları yoxlanılıb. Yekunda hakimlər kollegiyasının aidiyyəti Əsasnamədə göstərilən qaydalara uyğun, protokollaşdırılan bal sisteminə müvafiq olaraq Şəmkir komandası 3-cü yerə, Samux komandası 2-ci yerə, Oğuz komandası isə 1-ci yerə layiq görülüblər.
“Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməkdən ibarətdir.
Qeyd edək ki, “Şahin” hərbi-idman oyununun Gəncədə keçirilən V zona birinciliyində 1-ci və 2-ci yerin sahibləri vəsiqə qazanaraq, qarşıdakı günlərdə Respublika birinciliyində iştirak edəcəklər.

//Editor.az

