Gəncəli Albertin qətlində iki əsas versiyabackend

Gəncəli Albertin qətlində iki əsas versiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərovun Moskvada qətlə yetirilməsi geniş rezonans doğurub. Yada salaq ki, onu aprelin 12-də saat 13 radələrində yaşadığı binanın idman zalında güllələyiblər.

Killer ona arxadan bir neçə dəfə atəş edib. Sonuncu gülləni isə onun başından vurub və sağ qalmaq şansı qalmayıb. Killerin əlində qırmızı çanta olub. O, sakit şəkildə çantanı da götürərək hadisə yerini tərk edib. Qatil atəş açdığı “pistolet-pulemyot”u da həmin çantada gətiribmiş. 2013-cü ilin yanvarında-Ded Xasanın qətlindən sonra ilk dəfədir ki,  “qanuni oğru”nun Moskvada öldürülməsi baş verir…

Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. 1996-cı ildə Azərbaycandan Rusiyaya köçüb və Arxangelskdəki mütəşəkkil cinayətkar dəstəyə qoşulub. 2000-ci ildə oğurluq, döymə və öldürmə təhdidi də daxil olmaqla, bir neçə sayda cinayətdə təqsirli bilinib və ilk məhkumluğunu yaşayıb. Məhkəmə Alberti 6 il azadlıqdan məhrum edib.

Albert həbsdən çıxdıqdan sonra kriminal aləmin “general”larından sayılan Ded Xasanın klanına daxil ola bilib. Bu klan tərəfindən 2002-ci ildə Sank-Peterburqda keçirilən “sxodka”da “qanuni oğru” adı alıb. Bundan sonra Albert Gəncinki, Albert Rıjıy, Albert Arxangelsk kimi ayamalarla tanınmağa başlayıb.

Ded Xasan tərəfindən Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin edilib. Albert Ded Xasanın qətlindən sonra da klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı var.

Həmin dövrlərdə Lotu Quli Albetlə eyni klanda olmasına baxmayaraq, aralarında düşmənçilik olub. 2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi o zaman Azərbaycanda həbsdə olan Lotu Qulinin adının hallandırılması münasibətləri gərginləşdirib. Albert Rıjıy Piterdə “sxodka” keçirib və bu qətlinin sifarişçisi kimi Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb olub, onlar arasında münasibətləri daha da kəskinləşdirib. Bu məsələ ilə bağlı keçirilən “sxodka”da iştirak edən Aliksey Qudına (Lexa İrkutski) iddia edib ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Məhkəmə də sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan Qulinin qohumu İlham Hacıyevə tam bəraət verilib. “Muzdlu qatillər” hesab edilənlər isə bəraət alıb.

O zaman Türkiyənin Ədirnə şəhərində bu “söhbətin razborkası” da qanla bitmişdi. Lotu Qulinin qardaşı Namiq Bakinski və ona yaxın digər kriminallarla Albert Rıjıy arasında silahlı toqquşma baş vermişdi. Bu toqquşmada Əli Heydərovun mühafizəçisi ölmüş, özü isə canını qurtara bilmişdi.

Həmin vaxt məlumat yayıldı ki, Namiq Bakinski və Lotu Qulinin digər tərəfdarları Albert Rıjıyı “qanuni oğru” titulundan məhrum ediblər.

2017-ci ilin yanvarında Albert 7 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanlı kriminal avtoritetin məhkəməsi Sankt-Peterbuqda iki il davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməkdə, saxta sənəddən istifadə etməkdə və qarətlərdə günahkar bilinirdi.

2018-ci ilin martında isə artıq azadlıqda olan Lotu Qulinin İstanbuldan “Medvedkovo” həbsxanasında Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli ona “qanuni oğru” adını əlindən alındığını bildirib. Lotu Quli Albert Rıjıya bildirib ki, o, həbsxanada “qanuni oğru” adı altında yatmayacaq. Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu “qanuni oğru”ları Quli ilə Albertin “qanuni oğru” adının geri qaytarılmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Amma Rusiya mətbuatı yazırdı ki, Albert həbsxanada “qanuni oğru” kimi tanınıb və bu məsələdə Piterli “qanuni oğru”lar ona dəstək verib.

Keçən ilin yayında o, vaxtından tez azadlığa buraxılmışdı. Rusiyanın kriminal aləmində ilk dəfə idi ki, “qanuni oğru” titulunu daşıyan biri bu maddə ilə azadlığa çıxırdı. Çünki bunun üçün həbsxana administrasiyası ilə əməkdaşlıq etmək tələb olunur, bu da “qanuni oğru”lara qadağandır. Azadlığa buraxılan kimi isə Albert tərəfini seçdi və Qulinin daha bir düşməni – Badri Koquaşvili (Kutaisili) ilə yaxınlaşdı.

Bu ilin fevralında Moskva vilayətinin Odintsovo şəhərində Albert Rıjinın 40 yaşı münasibətilə düzənlənmiş ad günü ciddi müzakirələrə səbəb olmuşdu. Belə ki, ad gününün keçirildiyi “Ocaq” restoranına yığışan kriminal avtoritetlər “Albert” üçün sürpriz etmışdilər. Bir mərasimə dəvət olunan bir neçə artist yubiley gecəsində xüsusi təyinatlılara aid forma geyərək onun qarşısında diz çöküblər. Onların bu hərəkəti Albert Rıjının xoşuna gəlsə də, Rusiya güc strukturlarını bərk qəzəbləndirmişdi… İddia olunur ki, Albertin hüquq-mühafizə orqanları ilə əlaqələri üzə çıxdığından onu elə həmin qüvvələr aradan götürməkdə maraqlı ola bilərdi.

Qətllə bağlı daha bir versiya təbii ki,  Lotu Quliyə görə qisasdır. Belə ki, kriminal aləmdə Albert Rıjiy adı Qulinin qətlinin sifarişçisi hesab olunurdu. Qeyd edək ki, Lotu Qulinin qətlinin sifarişçisi kimi əsasən “Rövşən Lənkəranski”nin klanı nəzərdən keçirilir, amma görünür, Quli klanı onun bütün düşmənlərini cəzalandırmaqda qərarlıdır və ilk hədəf kimi də nisbətən “zəif bənd” olan Albertdən başlanıb…